Ölkə

Naxçıvanın təbiəti, qədim tarixi abidələri məktəblilərdə xoş təəssürat yaradıb

Metbuat.az

Şahbuz, 19 mart, Rauf Əliyev,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 19-da Şahbuz rayonundakı Batabat Astrofizika Rəsədxanasından olublar.


AZƏRTAC

xəbər verir ki, şagirdlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinlədilər.


Rəsədxana ilə tanış olan məktəblilərə bildirildi ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.


Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başladı. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə xarakterizə olunur. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.


Məktəblilər Batabat yaylağının füsunkar gözəlliyini maraqla seyr etdilər, Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildirdilər.


Daha sonra tur-aksiya iştirakçıları Ağbulaq İstirahət Mərkəzində oldular. Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən dağ istirahət mərkəzi 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə 38 otaq mövcuddur. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir.


Kompleksin ərazisində müasir idman infrastrukturu, uşaq əyləncə meydançası yaradılıb.