Ölkə

Naxçıvanda özünəməxsus teatr ənənələri formalaşıb

Metbuat.az

Naxçıvan, 11 mart,

AZƏRTAC

Naxçıvan teatrı 130 ildən çoxdur ki, dərin məzmunlu əsərlər tamaşaya qoymaqla, teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Naxçıvan teatrı bu əsərlərlə istedadlı aktyor, rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslinin estetik zövqünün formalaşmasında böyük rol oynayıb.


AZƏRTAC

xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə səsləndirilib.


Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov Azərbaycan teatrının keçdiyi inkişaf yolundan danışaraq deyib ki, qədim tarixə malik olan xalq oyunları, xalq komediyaları, meydan və Qaravəlli tamaşaları teatr sənətimizin ilk nümunələridir. Min illər boyu xalqımız bu tamaşaları, oyunları açıq havada, şəhər mərkəzində, kənd içində və başqa yerlərdə nümayiş etdirərək yaşadıb.


Ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrının inkişafında müstəsna xidmətlərindən danışan nazir vurğulayıb ki, bu gün ölkəmizdə teatrlara və sənət adamlarına Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə teatr binaları tikilir, əsaslı təmir edilir və ya yenidən qurulur. Teatr sənətinə göstərilən diqqət və qayğını muxtar respublikada fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür.


Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” ikihissəli dramı əsasında hazırlanmış tamaşa təqdim olunub.


Quruluşçu rejissoru Xalq Artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Şəmsəddin Qasımov olan bu tamaşada Naxçıvan torpağının muxtariyyət tarixinin çətin və mürəkkəb dövrü əks olunub.