Ölkə

“Naxçıvan” Universitetinin tələbələri görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar

Metbuat.az

Naxçıvan, 12 mart,

AZƏRTAC

“Naxçıvan” Universitetinin xarici dillər fakültəsinin tələbələri görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar.


“Naxçıvan” Universitetinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, tələbələrə muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən “İblis” və 1934–cü ildə çapdan çıxan “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.


Bildirilib ki, Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da muzeydə nümayiş etdirilir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl–cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir.


Vurğulanıb ki, Turan Cavid, eyni zamanda, muzeyin yaradılmasında da yaxından iştirak edib. Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli və başqalarının muzeyə bağışladığı kitablar yer alıb.


Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib edib.


Ekspozisiya zalı ilə tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.