“Naxçıvan” Universiteti üçün 7 binadan və yardımçı tikililərdən ibarət şəhərcik salınıb
Naxçıvan, 4 mart,
AZƏRTAC“Naxçıvan” Universiteti üçün 7 binadan və yardımçı tikililərdən ibarət möhtəşəm universitet şəhərciyi salınıb. Arxitektura baxımdan mükəmməl tikilmiş tədris korpusları yüksək zövqlə dizayn edilib. Yeni universitet şəhərciyi tələbələrin daha müasir şəraitdə təhsilinə geniş imkanlar açacaq.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, bu barədə ali məktəbdə 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda söhbət açılıb.
Universitetin rektoru, professor İsmayıl Əliyev bildirib ki, ali təhsil ocağında 2000-2500 tələbənin təhsil ala biləcəyi tədris bazası yaradılıb. Həmçinin üç mərtəbəli sosial mərkəz binasında son tamamlanma işləri aparılır. 314 nəfərlik yataqxana binası isə istifadəyə hazırdır.
Qeyd olunub ki, universitet beynəlxalq əlaqələr sahəsində də bir sıra nailiyyətlər qazanıb. Belə ki, Türkiyənin Muş “Alparslan”, Kostomonu, Uşak, Nevşehir, Yakın Doğu, Fırat, Bitlis Eren, Ordu, Kırıkkale universitetləri ilə tələbə-müəllim mübadiləsinə dair protokollar imzalanıb. Bundan başqa, Rumıniyanın “Spiru hayet”, Çexiyanın “Palacky” və Latviyanın “Beynəlxalq Baltik Akademiyası ilə əməkdaşlığa dair memorandumlar imzalanıb. Beləliklə, “Naxçıvan” Universitetinin əməkdaşlıq etdiyi xarici ölkələrdəki ali təhsil müəssisələrin sayı 18-ə çatıb.
İsmayıl Əliyev deyib ki, son iki ildə “Naxçıvan” Universitetində informatika müəllimliyi, biznesin idarə edilməsi, turizm və otelçilik ixtisasları da tədris olunur. 2015-2016-cı tədris ili üçün daha dörd yeni ixtisas üzrə tələbə qəbuluna sifariş verilib. Bunlar filologiya (alman dili və ədəbiyyatı), beynəlxalq münasibətlər, menecment və dinşünaslıq ixtisaslarıdır.
Bildirilib ki, 2014-cü ildə universitetə 253 tələbə qəbul olunub. Onlardan 210-u muxtar respublika məktəblərinin məzunları, 43-ü isə Azərbaycanın digər bölgələrindəndir. Hazırda universitetdə 972 tələbə təhsil alır.