Ölkə

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş

Metbuat.az

Naxçıvan, 20 mart, Rauf Əliyev,

AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində muxtar respublikada səfərdə olan məktəblilərlə görüş keçirilib.


AZƏRTAC

xəbər verir ki, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından şagirdləri salamlayıb.


Piri Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın 20-dək rayonundan olan məktəblilərin muxtar respublikaya səfəri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdı.


Qeyd edilib ki, tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından da ölkəmizin digər bölgələrinə 160-dək məktəbli səfər edib.


Qədim diyarda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edən nazir deyib ki, hazırda muxtar respublikada 215 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, tədris prosesinin müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Təhsil sisteminin informasiya texnologiyaları ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3700 kompüter dəsti və 600 elektron lövhə quraşdırılıb. Təhsil müəssisələrindəki kompüterlərin hamısının internetə çıxışı təmin edilib, yeni istifadəyə verilən bütün məktəblərdə idman zalları, şahmatın tədrisi üçün nümunəvi şərait yaradılıb.


Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bu gün muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası, istifadəyə verilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb.


Diqqətə çatdırılıb ki, muxtar respublikada gənc idmançıların ayrı-ayrı idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib. Onlar dünya çempionatlarında 2, Avropa çempionatında 3, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində isə 56 medal qazanıb. Sevindirici haldır ki, 2 naxçıvanlı idmançı ilk dəfə keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev Gənclər Mərkəzi barədə məlumat verərək deyib ki, mərkəz ötən il istifadəyə verilib. 4 mərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.


Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.


Martın 20-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.