Ölkə

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində səyyar xidmət təşkil olunub

Metbuat.az


Naxçıvan, 7 mart,

AZƏRTAC

Muxtar respublikada müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yeni səyyar xidmət yaradılıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səyyar xidmət üçün xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillərə baxıb, səyyar xidmətin təşkili ilə maraqlanıb.


Məlumat verilib ki, səyyar xidmətin göstərilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün “NAZ Lifan-6401”, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün “Hundai” markalı avtomobillər alınıb. Avtomobillər xidmət sahələrinə uyğun olaraq səyyar xidmətin göstərilməsi üçün kompyuter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Məqsəd əhalinin mərkəzlərə gəlmədən və vaxt itkisinə yol vermədən hüquqi xidmətlərdən yararlanmasını təmin etməkdir.


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səyyar xidmət avtomobilinə baxış zamanı bildirilib ki, əvvəllər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən mülkiyyət haqqında sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması artıq yerlərdə həyata keçiriləcək. Bunun üçün aylıq qrafiklər tərtib edilərək rayon icra hakimiyyətlərinə göndərilir, xidmət göstəriləcək yaşayış məntəqələrinin mülkiyyətçiləri və xəritə materialları sistemə yüklənir. Məlumat bazası xidmətin daha asan və operativ təşkilinə imkan verir. Səyyar xidmət zamanı ilk növbədə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər rayon şöbələri tərəfindən elektron sistemə salınaraq təsdiq üçün xidmətin mərkəzi aparatına göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır. Bütün proseslər tamamlandıqdan sonra hazırlanan sənədlər vətəndaşlara çatdırılır.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstəriləcək. Nazirliyin səyyar xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verəcək.


Hər iki səyyar xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərəcək, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt şöbələri vasitəsilə ödəniləcək. Həmçinin yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulacaq və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılacaq.


Ali Məclisin Sədri səyyar xidmətin təşkili və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.