Digər

Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı həyata keçiriləcək preventiv tədbirlər müəyyənləşdirilib

Metbuat.az

[ 05 Mart 2015 17:13 ]


Dəmiryol və avtobus vağzallarında, qatarlarda və stansiyalarda, hava və dəniz limanlarında, gəmilərdə və təyyarələrdə preventiv tədbirlər həyata keçiriləcək

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu qayda  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən preventiv tədbirlərin həyata keçirilməsi məsələlərini tənzimləyir.

Sənəddə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı həyata keçirilən preventiv tədbirlər də sadalanıb.  Bura narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilmiş, eləcə də müvafiq cinayətlərə görə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin polis orqanlarında qeydiyyata götürülməsi, onların islah olunması istiqamətində maarifləndirici və profilaktik işlərin aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətmiş şəxslərin, habelə inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ətrafında əməliyyat-profilaktik tədbirlərin keçirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə narkotik vasitələrdən istifadənin insan orqanizminə mənfi təsiri və onların yaratdığı təhdidlərlə bağlı maarifləndirmə və təbliğat işinin aparılması, müvafiq seminar və konfransların təşkil edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərin sağlam həyat tərzinə qaytarılması və yenidən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələrinin və televiziya kanallarının imkanlarından istifadə olunması daxildir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı həyata keçirilən preventiv tədbirlərin təşkili sahəsində Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları preventiv tədbirlərin əsas istiqamətlərini müəyyənləşdirir və cinayətin qarşısının alınması yönümündə fəaliyyətin metodiki təminatını həyata keçirir, öz səlahiyyətləri çərçivəsində preventiv tədbirlərin həyata keçirilməsi mexanizminə nəzarət etməklə, ərazi polis orqanlarına əməli və metodiki köməklik göstərilməsini təmin edir, cinayətkarlığın sosial vəziyyətini təhlil edir, cinayətin kriminogen vəziyyətini uzunmüddətli proqnozlaşdırır, əməliyyat şəraitinə təxirəsalınmadan reaksiya verilməsi üçün təklif və tövsiyələr hazırlayır, kompleks proqramlar işləyir, cinayətin qarşısının alınması problemləri üzrə beynəlxalq təcrübəni öyrənir (Baş Narkotiklərlə Mübarizə İdarəsi), cinayətin kriminoloji vəziyyətinin təhlilindən irəli gələn və əməliyyat şəraiti baxımından daha mürəkkəb vəziyyəti olan ərazi polis orqanlarında kompleks və məqsədyönlü profilaktik tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin edir (Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İctimai Təhlükəsizlik İdarəsi), aidiyyəti icra hakimiyyəti orqanları, idarə, müəssisə, təşkilat, ictimai və dini qurumlarla birgə müvafiq normativ hüquqi aktların hazırlanmasında iştirak edir, göstərilən məsələlər üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsini təmin edir.

Daxili İşlər Nazirliyi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində baş vermiş cinayətlərin törədilməsinin səbəb və şəraitinin aşkarlanması, təhlili və aradan qaldırılması üzrə tədbirlərin görülməsini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayət törətməyə meylli şəxslərin müəyyənləşdirilərək, onların profilaktik qeydiyyata götürülməsini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayət törədilməsinə hazırlıq görən və yaxud buna cəhd göstərən şəxslərin aşkar olunaraq, həmin şəxslərin qanunazidd əməllərinin qarşısının alınmasını, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayətlərin qarşısının alınması üzrə əməli fəaliyyətə beynəlxalq təşkilatların, vətəndaşların və ictimai birliklərin cəlb edilməsini təmin edir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili xidmətinin əməkdaşları xidməti ərazidə qeydiyyatda olan və yaşayan yetkinlik yaşına çatmayanlarla iş proqramından irəli gələn tələbləri nəzərə almaqla, ildə bir dəfədən az olmayaraq, aidiyyəti orqanların məlumatlandırılması üçün analitik materiallar hazırlayır, yetkinlik yaşına çatmayanları belə cinayət fəaliyyətinə sövq və təhrik edən şəxsləri müəyyən edir, onlar barəsində tədbirlərin görülməsi üçün təkliflər verir, yetkinlik yaşına çatmayanlar tərəfindən bu cür cinayət əməllərinin törədilməsinin qarşısını almaq məqsədi ilə preventiv tədbirlər həyata keçirirlər.