Müsavat ikiyə bölünür
Qubad İbadoğlu hərəkatını partiyaya çevirməklə bunu rəsmiləşdirmək niyyətindədir
Qubad İbadoğlunun yaratdığı hərəkatı partiyaya çevirəcəyi haqda söz-söhbətlər səngimir. Bir qrup adam düşünür ki, Q.İbadoğlu Müsavat Partiyasını düzəldə bilmədiyini görərək, bu qərara gəlib və özü partiya yaratmağı qarşısına məqsəd qoyub. Belə ki, xeyli vaxtdır Müsavat Partiyasında hökm sürən avtoritarizmdən bezən və buna qarşı mübarizə aparmağın mənasız olduğunu görən, üstəgəl partiya sıralarından qovulan Q.İbadoğlu bunun üçün ciddi əsaslarının olduğunu və münbit şərait yetişdiyini düşünür. Onun belə addım atması isə heç də təəccüblənəsi məqam deyil. Çünki bu, Azərbaycanda mövcud olan partiyaların əksəriyyəti üçün xarakterik haldır. Demokratiyadan dəm vuran əksər partiya rəhbərlərinin davranışı, özünü diktator kimi aparması hər zaman sonda partiyadan kütləvi istefalara səbəb olur və partiya daxilində heç də iddia edildiyi kimi demokratik abu-havanın hökm sürmədiyi bəlli olur. Faktiki olaraq, hər zaman müşahidə etmişik ki, əks fikirdə olan partiya üzvlərinə qarşı dözümsüz davranılır və partiya rəhbərləri tərəfindən həmin şəxslərin qovulmasına qərar verilir. Təbii ki, partiyada yüksək postları tutmuş şəxslərin ucbatından üzvlükdən imtina etməyə məcbur olan və ya qovulan şəxslər yeni partiya yaradırlar. Məsələn, AXCP-dən uzaqlaşanların bir qismi KXCP-də, digər bir hissə isə BAXCP-də toplaşıblar. Göründüyü kimi, Müsavat Partiyası da hazırda həmin prosesləri yaşamaqdadır və müsavatçılardan ibarət növbəti partiya yaranmaqdadır. Hazırda ABŞ-da səfərdə olan hərəkat rəhbəri Qubad İbadoğlu mətbuata açıqlamasında deyib ki, ADR Hərəkatının partiyaya çevrilməsi ilə bağlı qərarı üzvlər birgə verəcək: “ABŞ-a səfər proqramım 5 ay olsa da, bu müddət ərzində Bakıya qısamüddətli səfərlərim də gözlənilir. Hərəkatın partiyaya çevrilib-çevrilməyəcəyi barədə deyə bilərəm ki, hərəkat partiyaya çevrilərsə, keçidi tənzimləyən prosedur qaydaları və siyasəti hazırlanaraq üzvlərə açıqlanacaq. Bu il üçün ADR Hərəkatının fəaliyyət planında təşkilatlanma, şəbəkələşmə və portfelləşmə hədəfləri qoyulub. Bu hədəflərə çatdıqdan sonra yenidən konfransımızı keçirəcəyik və qərarı da üzvlər verəcək”.
Qeyd edək ki, bu söz-söhbət, yəni Müsavat Partiyasının son qurultayından narazı qalan müsavatçıların toplaşdığı ADR-in partiyaya çevrilməsi artıq bir neçə aydır ki, aktualdır. Belə ki, bir müddət öncə də bu cür xəbərlər yayılır, Q.İbadoğlunun keçmiş partiyadaşlarına ən güclü zərbəni endirəcəyi deyilirdi. Yayılan xəbərlərdə əsas diqqət Bakının Nizami, eləcə də Qubadlı rayonları üzrə təşəbbüs qrupları yaradılmasına yönəldilirdi. Narazı müsavatçıların yaratdığı hərəkatın genişlənməsi Q.İbadoğlunun rəhbərliyi altında yeni partiya yaradılmasının əsas göstəricisi hesab olunur. Müsavat Partiyası üzvləri də sanki buna hazır görünürlər. Hətta bəzi funksionerlər verdikləri açıqlamalarda belə halları istisna etmir, hərəkatın elə bu niyyətlə yaradıldığını vurğulayırlar. Təbii ki, sözügedən məsələ Müsavat Partiyası üçün xüsusi önəm kəsb edir. Əgər deyilənlər reallaşarsa və Q.İbadoğlu həqiqətən də partiya yaradarsa, bu, konkret olaraq Müsavatın “belini qırmaq” deməkdir və onlar üçün ciddi problemlər yaradacağını indidən demək olar. Hətta özləri bunu etiraf etməzlərsə belə, bu, bəlli məsələdir. Çünki müsavatçıların tam yarısının Q.İbadoğlu tərəfdarı olduğu qurultay zamanı rəsmən təsdiqini tapdı. Bu isə o deməkdir ki, yeni partiya yaranacağı təqdirdə, Müsavat tən ikiyə bölünəcək. Belə məqam xeyli vaxtdır faktiki şəkildə parçalanan Müsavatın rəsmən dağılması deməkdir. Belə ki, ADR-də müxtəlif partiyalardan olan şəxslər toplaşsa da, orada olanların əksəriyyətinin müsavatçı, özü də narazı müsavatçı olduğu heç kimə sirr deyil. Elə bu səbəbdən də onlardan müəyyən qisim də partiyanın yaradılmasına tərəfdar olduğunu gizlətmir, onsuz da Müsavatın qurultaydan sonra bərbad günə qaldığını və bir işə yaramadığını nəzərə çatdırırlar.
Kaspi.az