Moskva Dövlət Linqvistika Universitetində Novruz bayramı qeyd edilib
Moskva, 25 mart,
AZƏRTACMoskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan Dili Mərkəzində ənənəvi olaraq Novruz bayramı qeyd edilib.
Mərkəzin direktoru, professor Bella Musayeva Novruzun tarixindən və əhəmiyyətindən danışıb. Bakıdakı Novruz şənliklərinin lentə alındığı videoçarx nümayiş etdirilib. Ənənəyə görə, bu il də şənliklərdə Azərbaycan Prezisdenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Tələbələr Azərbaycan dilində bayram proqramı hazırlayıblar. Tamaşa göstərən, Azərbaycan şairlərinin şeirlərini oxuyan tələbələr Polad Bülbüloğlunun “Mənim Azərbaycanım” mahnısını ifa ediblər.
MDLU-da Novruz şənlikləri həmişə çoxsaylı qonaqlar toplayır. Gənc skripkaçı Nigar Zakirova, Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnokomponentli orta məktəbin müəllimi Xalidə Səmədova builki qonaqlar arasında olublar. Tədbirdə universitetin müəllim və tələbələri iştirak ediblər.
Sonra MDLU-nun Moldav Dili və Mədəniyyəti Mərkəzində rumın dilini öyrənən tələbələr çıxış ediblər. Dilya Mərdanova və Yana Juravel “Mən Azərbaycanı öyrənirəm” Ümumrusiya müsabiqəsinin qalibi olan nömrəni nümayiş etdiriblər. Onlar “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa ediblər. MDLU-nun regionşünaslıq nəzəriyyəsi kafedrasının professoru Yevgeni Minin Bakıda keçən uşaqlıq illərindən danışıb.
MDLU-da Novruz bayramı artıq çoxdandır Azərbaycan və Rusiya mədəniyyətlərini bağlayan “körpüyə” çevrilib. Belə tədbirlərin təşkilı edilməsi rusiyalı gənclərin qədim Azərbaycan mədəniyyəti ilə tanış olmalarına kömək edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva