Möhsün Pakayin: Gəncənin və Ərdəbilin iqtisadi potensialından istifadə etmək üçün ilkin addımlar atılmalıdır
Gəncə, 4 mart, Sabir Əliyev,
AZƏRTACİranın Ərdəbil əyalətində Azərbaycanın qədim şəhəri olan Gəncəyə böyük məhəbbət var. Ərdəbil əyalətinin Beynəlxalq Sərgilər Şirkətinin təşəbbüsü ilə Gəncədə təşkil olunan birinci sənaye-ticarət sərgisi bir tərəfdən iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edirsə, digər tərəfdən bu, qardaş ölkəyə olan məhəbbətdən irəli gəlir.
Bu sözləri Gəncədə təşkil olunan İran-Azərbaycan birinci sənaye-ticarət sərgisinin açılışında iştirak edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin
AZƏRTAC-a müsahibəsində deyib.
Diplomat bildirib ki, Gəncədə də, Ərdəbildə də böyük iqtisadi potensial var və bu potensialdan istifadə etmək üçün ilkin addımlar atılmalıdır. Bu gün bu addımlardan biri atıldı. Ümid edirəm ki, bu sərgidən sonra Azərbaycan ilə İran, eləcə də Gəncəbasar bölgəsinin sahibkarları arasında müştərək iş birliyi qurulması üçün geniş imkanlar yaranacaq.
“Hazırda İran ilə Azərbaycan arasında qeyri-neft sektorunda iqtisadi mübadilə 500 milyon manatdan artıqdır. Ancaq potensial bundan da çoxdur və inanırıq ki, 2015-ci ildə bu rəqəm nəzərəçarpacaq dərəcədə artacaq”, - deyə səfir qeyd edib.