Ölkə

Minskdə MDB Daimi Nümayəndələr Şurasının və İqtisadi Məsələlər üzrə Komissiyanın birgə iclası keçirilib

Metbuat.az

Minsk, 19 mart,

AZƏRTAC

Martın 19-da Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının və MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər üzrə Komissiyanın (İMK) birgə iclası keçirilib. Bu barədə

AZƏRTAC

-a Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.


MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iclasda iştirak edib.


Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri MDB Hökumət Başçıları Şurasının (HBŞ) bu il mayın 29-da Qazaxıstanda keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəlik layihəsini formalaşdırıblar. Layihəyə maliyyə-iqtisadiyyat, innovasiyalar, meşə təsərrüfatı və meşə sənayesi, regionlararası və sərhədyanı əməkdaşlığın dərinləşdirilməsinə aid məsələlər daxil edilib.


Gündəliyin layihəsindəki bəndlərin xeyli hissəsi humanitar sahədə (mədəniyyət, təhsil, idman, peşə hazırlığı və kadrların ixtisasının artırılması) əməkdaşlığı tənzimləyən sənədlərlə bağlıdır.


HBŞ iclasının gündəliyinin layihəsinə təhlükəsizliyin təmin edilməsi məsələləri də daxildir. Bundan əlavə, bəzi təhsil müəssisələrinə baza təşkilatları statusu verilməsi haqda sənədlər, maliyyə və kadr məsələləri də hökumət başçılarının müzakirəsinə təqdim edilir.


Daimi Nümayəndələr Şurasının və İMK-nın birgə iclasında MDB iştirakçısı olan dövlətlərin 2015-ci ilə qədər olan dövrdə informasiya cəmiyyətinin qurulması və inkişafı sahəsində Əməkdaşlığı Strategiyasının və onun həyata keçirilməsinə dair Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin gedişini müzakirə edilib. Qeyd edilib ki, bu Strategiyanın və Fəaliyyət Planının qəbul edilməsi informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi sahəsində geniş inteqrasiya əməkdaşlığına yeni təkan verib. Strategiya və Fəaliyyət Planı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi yeni texnologiyalardan istifadə edilməsinə yönəlmiş səyləri əlaqələndirməyə, informasiya-kommunikasiya infrastrukturunun formalaşmasına yanaşmalar və metodlar barədə razılaşdırılmış mövqelər hazırlamağa, İKT-nin normativ-hüquqi və normativ-texniki tənzimlənməsi məsələlərinə dair mövqeləri yaxınlaşdırmağa, informasiyalaşdırma sahəsində qabaqcıl təcrübə mübadiləsinə imkan verir.


Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri MDB iştirakçısı olan dövlətlərin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurası tərəfindən MDB İcraiyyə Komitəsi ilə birlikdə hazırlanmış MDB iştirakçısı olan dövlətlərin 2015-ci ilə qədər olan dövrdə informasiya cəmiyyətinin qurulması və inkişafı sahəsində Əməkdaşlığı Strategiyasının və onun həyata keçirilməsinə dair Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin gedişinə dair məruzəni bəyəniblər.


Qeyd edilib ki, 2014-cü ildə ümumən Birlik ölkələrində əsas makroiqtisadi göstəricilərin – ÜDM-in artım sürətinin, sənaye malları və kənd təsərrüfatı məhsulları istehsalının həcminin, pərakəndə ticarət dövriyyəsinin müsbət dinamikası saxlanıb. Bununla bərabər, əsas kapitala investisiyaların, yükdaşımaların həcmi, xarici ticarət dövriyyəsi azalıb. Keçən il MDB iştirakçıları olan dövlətlərdə, Ukrayna müstəsna olmaqla, ÜDM-in artması müşahidə olunub. Ukraynada isə bu göstərici 2013-cü ildəkinə nisbətən 5,3 faiz azalıb.


Birgə iclasın iştirakçıları 2014-cü ildə Birlik ölkələrinin ticari-iqtisadi əməkdaşlığının yekunları və 2015-ci il üçün perspektivlər barədə məlumatı müzakirə edərək, MDB İcraiyyə Komitəsinə və təşkilatın sahəvi əməkdaşlıq orqanlarına öz fəaliyyətində Birliyin ali orqanları tərəfindən ticari-iqtisadi əməkdaşlıq sahəsində qəbul edilmiş planların və qərarların icrası məsələlərinə birinci növbədə diqqət yetirməyi tövsiyə ediblər.


Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri keçən il MDB sahəvi əməkdaşlıq orqanlarının fəaliyyətinə yekun vuraraq Birlik ölkələrinin inteqrasiyalı qarşılıqlı fəaliyyətinin inkişafına həmin orqanların sanballı töhfə verməsini qeyd ediblər.


Daimi Nümayəndələr Şurasının və İMK-nın birgə iclasında Qazaxıstan Respublikası prezidenti vəzifəsinə bu il aprelin 26-da keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə MDB-dən olan Müşahidəçilər Missiyasının rəhbəri kimi MDB-nin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin namizədliyi bəyənilib.


Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk