Ölkə

Mingəçevir Turizm Kollecində möhtəşəm Novruz şənliyi keçirilib

Metbuat.az

Mingəçevir, 20 mart,

AZƏRTAC


Mingəçevir Turizm Kollecində Novruz bayramı təntənə ilə qeyd edilib.


AZƏRTAC

xəbər verir ki, mərasimdə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov müəllim və tələbələri milli bayramımız olan Novruzun gəlişi münasibətilə təbrik etmiş, ölkəmizin qısa müddətdə əldə etdiyi böyük uğurlardan danışıb. Əyyub Əyyubov ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib, bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Mingəçevirdə də böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirib.


Sonra bayram tonqalı alovlandırılıb və Novruz adətlərinin icrasına başlanılıb. Müxtəlif oyunlar, milli xörəklər, şirniyyatlar, qədim əşyaların sərgisi nümayiş etdirilib. Meydana milli paltarda daxil olan oğlan və qızlar məharətlərini nümayiş etdiriblər. Tələbə gənclərin çıxışları maraqla qarşılanıb. Bayramsayağı bəzədilmiş təhsil ocağında kollecin bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.