Ölkə

Milli birlik və həmrəylik bayramı olan Novruz Qaxda da böyük coşqu ilə qeyd olunub

Metbuat.az

Qax, 21 mart,

AZƏRTAC

 


Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı Qaxda da böyük coşqu ilə qeyd olunub.


AZƏRTAC

xəbər verir ki, baharın gəlişi münasibətilə Qax şəhərindəki Sahil parkında ümumrayon şənliyi keçirilib.


Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilib. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.


Bahar qızının, Dədə Qorqud, Kosa və Keçəlin musiqi sədaları altında meydana daxil olması bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Meydanın mərkəzində qurulmuş bayram tonqalı alovlandırıldıqdan sonra rayon rəhbərliyi və qonaqlar ayrı-ayrı əmək kollektivlərinin, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkil etdikləri yam-yaşıl səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.


Tədbirdə bildirilib ki, hər il beynəlxalq səviyyədə keçirilən bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir. Çıxış edənlər ölkəmizə əmin-amanlıq, xalqımıza bahar təravətli günlər, süfrələrə ruzi-bərəkət arzulayıblar.


Bir-neçə saat davam edən bayram şənliyində rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, idmançılar, kəndirbaz və pəhləvanlar öz məharətlərini göstərib, şənlik iştirakçılarına xoş ovqat bəxş ediblər.