Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdirilir
Bakı, 17 mart,
AZƏRTACCoğrafiya üzrə elmlər doktoru Rəna Qaşqay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinə yeni arxeoloji materiallar təhvil verib.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, arxeoloji tapıntılar 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisindəki İkinci Plovdağ nekropolunda aparılan qazıntılar zamanı aşkarlanıb. Ümumi sayı 57 ədəd olan qədim əşyalar - tunc asmalar, sancaqlar, üzüklər, piləkşəkilli bəzəklər, dəvəgözü ox ucluqları və onların fraqmentlərindən, əqiq, pasta, şüşə, gil, tunc və digər materiallardan hazırlanmış müxtəlif formalı muncuq düzümlərindən ibarətdir. Yalnız əqiq muncuq düzümündən ibarət bir əşya 1980-ci ildə həmin rayonun Mərdangölü nekropolundan tapılıb. Təqdim edilən bütün əşyalar eramızdan əvvəl II minilliyin sonuna aid olub, bu dövr insanlarının həyat tərzini, məişətini və məşğuliyyətini öyrənmək üçün qiymətli əşyavi mənbə rolunu oynayır.