Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının iclası keçirilib
Bakı, 10 mart,
AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının iclası keçirilib.
Şuradan
AZƏRTAC-a bildiriblər ki, komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Qeyd edilib ki, bunlardan 7-si Şuranın şikayətlər üzrə komissiyasının, qalanları isə katibliyinin xətti ilə təqdim olunub.
Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.
Əvvəlcə Şuranın şikayətlər üzrə komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, Mətbuat Şurasının həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın “qara siyahı”sına daxil edilməsinə əsaslar verir. Bunlar “Yüksələn Azərbaycan”, “Azərbaycan naminə”, “Haqqın sədası press” qəzetləri, “Jam.az” və “İskra.az” saytlarıdır. “Yüksələn Azərbaycan”nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları “qara siyahı”da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurması, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.
Vurğulanıb ki, “Jam.az” və “iskra.az” saytları əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verirlər. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.
Komissiya “Maqnat.tv” saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. “Azerinfo.az” saytı barədə də eyni ölçünün götürülməsi məntiqli hesab edilib.
İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib.
Bu məsələlər barədə də reket jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın idarə heyətinə təqdim olunacaq.