Digər

Mənasız və nəticəsiz fəaliyyət

Metbuat.az
Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, uğursuzluğa düçar olacaq

Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində “Human Rights Watch” təşkilatı bəyanat yayaraq mühüm idman tədbirini “boykot” etməyə çağırıb. Bundan başqa, bir sıra xarici KİV-lərdə də ölkəmizin əleyhinə qərəzli, qeyri-obyektiv materialların sayının artması tendensiyası müşahidə olunmaqdadır.



Bu isə, əlbəttə ki, ənənəvi antiAzərbaycan qüvvələrin yenidən fəallaşdığını göstərir. Azərbaycanın uğurlarını birmənalı şəkildə qısqanclıqla qarşılayan dairələr beynəlxalq QHT-lərin və bəzi media qurumlarının “xidmət”lərindən növbəti dəfə istifadə etməyə qərar veriblər.



Məlum olduğu kimi, hələ 2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” yarışması öncəsi də bu cür kampaniyaya start verilmişdi. Ölkənin üzərinə müxtəlif böhtanlar atılır, yalan və təxribatçı informasiyalarla dünya ictimaiyyəti çaşdırılmağa çalışılırdı. Məhz bu gün də eyni taktikadan istifadə olunur, həmin dövrdə sınaqdan çıxarılmış “qanunsuz söküntülər”, heyvanlara qarşı “qəddar münasibət”, saxta “siyasi məhbus” siyahıları və digər bu kimi məsələlər yenidən süni şəkildə gündəmə gətirilir və Azərbaycana qarşı istifadə olunur.



Lakin həmin vaxt Azərbaycan dövləti və cəmiyyətinin sağlam qüvvələri tərəfindən bunun qarşısı müvəffəqiyyətlə alınmışdı. Bu gün də eyni taktikadan istifadə edənlər sonun yenə onlar üçün yaxşı olmayacağını indidən bilməlidirlər.



Ümumiyyətlə, bu təşkilatın hesabatlarında Azərbaycanın daim qara rəngdə təsvir olunması, guya Azərbaycanda insan haqlarının pozulması iddiaları təəccüblü deyil və təsadüfi xarakter daşımır. Məlumdur ki, bu QHT ermənipərəst dairələrin təsiri altındadır. Bu, qurumun mütəmadi olaraq yayılan hesabatlarında xüsusilə özünü büruzə verir. Belə ki, qurum öz hesabatlarında hər dəfə guya Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi haqda açıqlama verir. Lakin daxili həyatında daim terrordan istifadə olunan, az qala hər gün insanların səbəbsiz yerə qətlə yetirildiyi Ermənistandakı vəziyyət Azərbaycanla müqayisədə normal dəyərləndirilir. Hər kəsin təəccüblə qarşıladığı bu ağ yalanı hesabatında əks etdirən QHT-nin qərəzli olduğunu demək üçün başqa hər hansısa fakta ehtiyac varmı?



Ümumiyyətlə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatının belə mövqe nümayiş etdirməsi onun Azərbaycan dövlətinə qərəzli yanaşmasını ortaya qoymaqla yanaşı, bu quruma olan etimadı da kölgə altına alır. Bu, həm dövlət səviyyəsində həmin qurumla əməkdaşlığı zədələyir, həmçinin də ölkəmizdə olan obyektiv QHT və KİV orqanlarının, ümumiyyətlə ictimaiyyətin bu cür qurumlara olan inamını azaldır.



Müşahidələr göstərir ki, ardıcıl şəkildə belə qərəzli yanaşma qurumla Azərbaycanda əməkdaşlıq etməyə ciddi təşkilatın tapılmaması ilə nəticələnib. Odur ki, beynəlxalq təşkilat cəmiyyətdə nüfuzu olmayan, qeyri-ciddi radikal və ermənipərəst bəzi QHT-lərlə əməkdaşlıq edir.



Lakin son fəaliyyəti, “boykot” çağırışları göstərir ki, bu qurum iş prinsipini, yanaşmalarını dəyişmək niyyətində deyil. Çünki hələ əvvəlki dövrlərdə yaydığı hesabatlara ölkə ictimaiyyəti, aparıcı ekspertlər tərəfindən ciddi etirazlar bildirilsə də, təşkilat mövqeyində, yanaşmalarında dəyişiklik etmədiyini ortaya qoyur. Bu isə onu deməyə əsas verir ki, “Human Rights Watch” təşkilatı konkret missiya yerinə yetirir. Onu hansısa obyektiv rəylər deyil, yalnız Azərbaycan dövlətinin, cəmiyyətinin imicinə ziyan gətirəcək materiallar, donoslar maraqlandırır.



Bu isə onu göstərir ki, ayrı-ayrı ölkələrdə, cəmiyyətlərdə söz azadlığının, plüralizmin səviyyəsini dəyərləndirən, reytinqini ölçən qurumun özünün bu sahədə problemləri var. “Human Rights Watch” təşkilatının ölkədəki “filialları” isə həmişə olduğu kimi, sarı mətbuat ənənələrini yaşadan “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, Meydan TV kimi yerli KİV-lərdir. Həmçinin sifarişlə işləyən bloggerlərdir.



Onlar dövlətə, xalqa xəyanət yolundan dönmək niyyətində olmadıqlarını sübut edirlər. I Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizə hansı dividentlər qazandıracağı, Azərbaycanın Avropa və dünya miqyasında necə nüfuz əldə edəcəyi onları düşündürmür. Çünki bu cür KİV orqanları mövcudluqlarına görə “Human Rights Watch” kimi təşkilatlara borcludurlar, onlardan maliyyə alırlar.



Qeyd edək ki, bir müddət öncə guya eyni bəyanatla “Amnesty İnternational”ın da çıxış etdiyi barədə informasiyalar yayılmışdı. Lakin təşkilat bəyanat yayaraq bunu təkzib edib. Belə ki, APA-nın xəbərinə görə, bunu "Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.



Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırmayıb".



Göründüyü kimi, bəzi dairələr tanınmış beynəlxalq QHT-lərin adından danışmaqdan belə çəkinmirlər. Bu isə həmin qüvvələrin antiAzərbaycan fəaliyyətlərində istənilən vasitədən, hətta dezinformasiyadan da gen-bol istifadə eməkdə qərarlı olduğunu göstərir. Dəqiqləşdirilməmiş informasiyanı həvəslə tirajlayan yerli radikal medianın yeni situasiya qarşısında hansı reaksiyanı verəcəyi isə çox maraqlıdır.



Ümumiyyətlə, Azərbaycanı gözdən salmaq cəhdlərinin həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcəyi aydındır. Azərbaycanın Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə yoxdur.



Kaspi.az