Digər

"Mən də varam"a hesablanmış mitinq

Metbuat.az
Milli Şuranın planlaşdırdığı aksiyanın kütləvi olacağına heç müxalifətçilərin özləri də inanmır

Milli Şura guya mövcud olduğunu və fəaliyyət göstərdiyini nümayiş etdirmək üçün növbəti mitinqini keçirməyə qərar verib. Lakin bundan öncəki biabırçı mitinqlər kimi, bu aksiyanın da perspektivsizliyi heç kimə sirr deyil. Çünki xalq artıq neçə illərdir ki, müxalifətə inamını itirdiyini göstərib və mitinqlərə qatılmamaqla onları dəstəkləmədiyini nümayiş etdirib. Ölkə ictimaiyyəti ilə yanaşı, bir sıra siyasətçilər də mitinqin heç bir nəticə vəd etmədiyini düşünür, sosial şəbəkələrdəki təbliğatın da səmərə verməyəcəyini qeyd edirlər.



Bu barədə açıqlama verən eks-spiker

Rəsul Quliyev

hesab edir ki, mitinqə az adam qatılacaq: “Əgər 10 mindən az adam gəlirsə, bu, hakimiyyətin xeyrinə olan məqamdır. Moskvada 10 milyon adam yaşayır, Nemtsovun qətli ilə bağlı aksiyaya 100 mindən az olmayan insan kütləsi qatılıb. Bunu bütün nüfuzlu təşkilatlar, o cümlədən xarici agentliklər yazır. Bakıda isə 3,5 milyon insan yaşayır, deməli, Moskva səviyyəsinə çatmaq üçün mitinqə 35 min adam çıxmalıdır. Əgər Moskvadakı aksiyanı bütün Rusiyaya (143 milyon əhalisi var) aid edib Azərbaycanla (9,5 milyon əhalisi var) müqayisə etsək, Azərbaycanda 6300 adam çıxmalıdır. Və ya Azərbaycanı bütövlüklə Moskva ilə müqayisə etsək, həmin 100 min mitinqə çıxmalıdır”.



ADP sədri

Sərdar Cəlaloğlu

isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mitinq təşkil etmək qərarı populizmdən başqa bir şey deyil: “Son zamanlar ölkədə müəyyən iqtisadi proseslər yaşanır. Onlar da bundan istifadə edərək aksiya keçirmək istəyirlər. Təbii ki, aksiya sosial sifariş olmadığı üçün mitinqdə az sayda insan iştirak edəcək. Sadəcə, Milli Şura mitinq keçirməklə özünün varlığını sübuta yetirmək istəyir. Bundan başqa bir səbəb yoxdur. Bu, əslində özünün mövcudluğu üzərində bir mübarizədir. Müxalifətdə birincilik uğrunda mübarizə ola bilməz. Hansı keyfiyyətə görə deyilə bilər ki, mən birinciyəm, sizdən öndəyəm? ”Mənim 10 min üzvüm var" deməklə deyil. Siyasət odur ki, sən xalqın taleyi ilə bağlı düzgün qərarlar verə biləsən, siyasi gündəmi müəyyən edəsən. Hesab edirəm ki, Milli Şuranın mitinqinə maksimum 1500 nəfər qatılacaq. Kütləvilik üçün aksiyanı yaxşı təşkil etmək və pul qoymaq lazımdır".



Natiq Miri

nin fikrincə isə indiki vaxtda keçiriləcək aksiyada yetərli kütləviliyin olacağı gözlənilmir. Bu da səbəbsiz deyil: “Müxalifət lazımi vaxtda ortaya çıxmadı və yenə də gecikdi. Hakimiyyətin təbliğatı və bir sıra addımları insanlarda bir sakitlik yarada bilib. Mitinqlərə kütləvi qatılımın olmamasında əsas faktor artıq əhalinin siyasi partiyalara etimad limitinin tükənməsi, dəyişikliklərə inamının olmamasıdır. Xalq müşahidə edir ki, müxalifət təşkilatları bir-biri ilə vuruşur, müxalifətdə birinci olmaq uğrunda mübarizə önə keçib. Ona görə də etimadı itirmiş hər hansı bir siyasi qüvvənin çağırışı ilə 10 minlərlə insanın meydana tökülüşəcəyini gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Bu gün müxalifətin gücünün olmadığı məlum məsələdir. Ona görə də belə bir vəziyyətdə keçirilən mitinqlərə on minlərlə adamın qatılması ehtimalı sıfıra bərabərdir”.



Bütün bunlar onu göstərir ki, müxalifətin hansısa iş görmək qüdrətində olmadığı cəmiyyətin bütün təbəqələrinə gün kimi aydındır. Sadə vətəndaşlardan tutmuş, ziyalı şəxslərə qədər hər kəsə müxalifətin yalnız quru adını saxlamaq üçün belə addım atdığı məlumdur. Onlar özləri də mitinqlərə heç kimin gəlməyəcəyini çox yaxşı bilirlər. Çünki bu, ilk mitinqləri deyil və bundan öncə də dəfələrlə meydanda tək qalıblar.



Kaspi.az