MDB PA-nın nümayəndə heyəti Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan “Qələbə” kompleksini ziyarət edib
Bakı, 17 mart, Rafael Həsənov,
AZƏRTACMartın 17-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan memorialı ziyarət edib.
AZƏRTAC
xəbər verir ki, Qazaxıstan, Rusiya, Qırğızıstan və Azərbaycan parlamentlərinin üzvləri, o cümlədən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev, MDB PA-nın əməkdaşları, habelə veteranlar abidə önünə gül qoyublar.
Səmimi qəbula görə öz minnətdarlığını bildirən qonaqlar vurğulayıblar ki, faşizmə qarşı mübarizədə canlarından keçən qəhrəmanların xatirəsinə Azərbaycanda lazımi hörmət və ehtiramla yanaşılır, həmişə olduğu kimi, xalqlar arasında dostluq qiymətləndirilir. Nümayəndə heyətinin üzvləri XX əsrin görkəmli kəşfiyyatçısı Rixard Zorgenin də xatirəsini yad edib, abidəsi önünə güllər düzüblər.