Malidə BMT düşərgəsinə hücum edilib
Bakı, 9 mart,
AZƏRTACMartın 8-də BMT sülhməramlılarının Malidəki düşərgəsinə hücum edilib. Nəticədə Çad Respublikasından olan hərbi qulluqçu və iki uşaq həlak olub. Çoxlu insan yaralanıb.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının insidentdən sonra yaydığı bəyanatda bildirilir. Sülhməramlıların düşərgəsi təxminən iki kilometr məsafədən idarəolunmayan raket və artilleriya mərmiləri ilə atəşə tutulub. BMT qüvvələri hücumu yalnız 20 dəqiqədən sonra dəf edə biliblər. Bu müddətdə düşərgənin ərazisində bir neçə partlayış baş verib.
Təhlükəsizlik Şurasının üzvləri sülhməramlılara hücumun hərbi cinayətə bərabər tutula biləcəyini xatırladaraq, bütün tərəfləri Malidə sülh yaradılması səylərinə zərbə vuran hərəkətlərdən çəkinməyə çağırıblar. Həmçinin bəyan ediblər ki, hərbi hərəkətləri davam etdirən hər kəsə qarşı ünvanlı sanksiyalar tətbiq olunacaq.