Ölkə

Lənkəranda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” və “Yaşıllaşdırma aylığı” mütəşəkkil qaydada davam edir

Metbuat.az

Lənkəran, 23 mart, Bağır Əliyev,

AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na birincilər sırasında qoşulan lənkəranlılar ötən il rayonda 10 mindən çox ağac əkiblər.


AZERTAC

xəbər verir ki, yaşıllaşdırma marafonunun ikinci mərhələsi çərçivəsində isə rayonda 35 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.


Ağacəkmə aksiyalarında rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq tapşırığı ilə hər il rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə “Yaşıllaşdırma aylığı” keçirilir.


Sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə ötən il rayonda 53 mindən çox ağac və gül kolları əkilib.


Ağacəkmə aksiyaları əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.


Rayon ağsaqqallar şurasının sədr müavini, Gərmətük qəsəbə sakini Sərhad Məmmədov deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası bizi ürəkdən sevindirir. Yaşımın 80-i haqlamasına baxmayaraq, mən də bu xeyirxah təşəbbüsə fəal qoşulmuşam. Həm ötən ilin payızında, həm də bu bahar günlərində Bakı-Astara magistral yolunun Gərmətük qəsəbə tam orta məktəbinin yerləşdiyi ərazisində bir neçə ağac əkmişəm. Yaşıllaşdırma ekologiyamızın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalarda fəal iştirak edəcəyəm”.


Səpnəkəran kənd sakini Surxay Əliyev bildirib ki, bugünkü ağacəkmə aksiyasında nümayəndəliyimizin və yerli bələdiyyənin üzvləri ilə yanaşı, kəndimizin bir qrup sakinləri də ruh yüksəkliyi ilə iştirak edirlər. Biz Bakı-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində xeyli miqdarda müxtəlif növ ağaclar əkmişik. Bu xeyirxah təşəbbüsün, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğatların aparılması olduqca vacibdir. Biz bu istiqamətdə ərazimizdə lazımi təbliğat işlərini genişləndirəcəyik.


“Məhz yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkilməsinə təşviq etmək və ətraf mühitin mühafizəsini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan ağacəkmə aksiyası hamı kimi biz yaşlı nəslin nümayəndələri tərəfindən də böyük sevinclə qarşılanıb. Biz də bu aksiyada fəallıq göstərərək Hirkan Milli Parkının yerləşdiyi magistral yolun ərazisində çoxlu sayda ağac əkmişik. Yaşıllıq təmiz hava, ekoloji durumun saflığı deməkdir. Bu mühüm amili hamılıqla mühafizə etmək, dəyərləndirmək lazımdır. Hərəyə bir ağac əksək ətraf gülüstana çevrilər”,- deyə Hirkan qəsəb sakini, təqaüddə olan tibb işçisi Ramazan Rəhimov vurğulayıb.


Lənkəranda “Yaşıllaşdırma aylığı” kampaniyası da mütəşəkkil davam edir. Aylıq çərçivəsində şəhər, qəsəbə və kəndlərdə dəmirağacı, palıd, sərv, Eldar şamı, çinar, palma, akasiya və sair ağacların əkilməsi nəzərdə tutulub.