Digər

Lənkəranda od çərşənbəsi

Metbuat.az

İlaxır çərşənbələrin ikincisi od çərşənbəsinin gəlişi bu gün Lənkəranda bütün təmtərağı ilə qeyd edilib.



ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin vağzalyanı meydanında Novruzun rəmzləri olan kosa ilə keçəlin qaladığı tonqalın işığına, istisinə uşaqlı, böyüklü bütün Lənkəran yığışıb.



El adətincə tonqal qalanıb, tonqalın odunda üzərlik yandırılıb, el-obanın bəd-nəzərdən hifz olunması uca xaliqdən dilənib. Meydanda qalanan ocağın işığında oxunan nəğmələr, keçəllə kosanın zarafatları, şux rəqslər lənkəranlılara əsl bayram ovqatı, şadlıq, bahar əhval-ruhiyyəsi bəxş edib.



İştirakçılar birlik rəmzi olaraq yallı gedib. Lənkəranlılar ilaxır çərşənbənin ikincisini - ilaxır çərşənbəni min il əvvəllərdə olduğu kimi bu gündə elliklə bir tonqalın başına yığışıb qeyd edirlər. İlaxır çərşənbələrin elliklə qarşılanması minillk ənənələrin yaşarlılığını, xalqın soy kökünə bağlılığını əks etdirir. Bahar – bayram sevincini birgə bölüşmək əski inancların gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.



Od çərşənbəsində xalqa dilədiyimiz ən böyük arzu da elə odla bağlıdır.Ocağınız heç vaxt sönməsin.

Mənbə
ANS PRESS: Esmira İsmayılova