Lənkəranda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici tədbir keçirilib
Lənkəran, 10 mart, Bağır Əliyev,
AZƏRTACLənkəranda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici tədbir keçirilib.
Bu barədə
AZƏRTAC-a məlumat verən Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev bildirib ki, tədbirdə miqrasiya sahəsində tətbiq edilən yeniliklərdən danışılıb.
“Əvvəllər ölkəmizə gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 3 gün ərzində olduqları yer üzrə qeydiyyata düşmək üçün müraciət etməli idilərsə, indi artıq bu prosedur 10 gün ərzində həyata keçirilir. Digər bir məsələ əcnəbi və vətəndaşlığı olmayan şagirdlərlə bağlıdır. Bəzən valideynlərin biganəliyindən şagirdlər vaxtında şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə imtahana buraxılmırlar”, - deyə S.Abdullayev diqqətə çatdırıb.
Tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinə müraciət formaları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Bu cür maarifləndirici tədbirlərin cənub bölgəsinin digər rayonlarında da təşkili nəzərdə tutulub.