Digər

Lənkəranda Beynəlxalq Miqrasiya Təşkilatının insan alveri ilə bağlı reallaşdırdığı layihə başa çatıb

Metbuat.az

[ 30 Mart 2015 16:47 ]



Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda “Azərbaycanda insan alveri qurbanlarının, potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi üzrə potensialların artırılması” layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin yekun tədbirində cənub bölgəsində fəaliyyət göstərən KİV və QHT-lərin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihənin sosial eksperti Afiq Məlikov  bildirib ki, layihə çərçivəsində bu ilin yanvar ayından etibarən Lənkəran şəhərindəki Cənub Regional Televiziya Şirkətində  “İnsan alveri, onun səbəb və formaları, cəlbetmə yolları və qanunvericilik”, “İnsan alveri kontekstində ailə münasibətləri, erkən nikahlar və ailədaxili zorakılıq”, “İnsan alveri qurbanlarının problemləri, onların inteqrasiya və reinteqrasiya mexanizmləri”, “İnsan alveri kontekstində qadınlar, gənclər, gənc ailələr və digər risk qrupları üçün hüquqi, psixoloji, tibbi və digər yardım formaları”, “Miqrasiya, səbəblər və formalar, viza və deportasiya anlayışları və hüquqi baza” və “Məcburi əmək qurbanları və potensial qurbanlara birbaşa yardımın göstərilməsi” mövzusunda ictimai debatlar təşkil edilib.

İctimai müzakirələr zamanı hüquqşünas, psixoloq, sosial ekspert və aidiyyəti sahələr üzrə mütəxəssislərin fikir və mülahizələri dinlənilib, efir zamanı auditoriyanın sualları cavablandırılıb və verilişə qatılan tamaşaçılara zəruri informasiya vasitələr, o cümlədən bukletlər və vərəqələr paylanılıb. 

Tədbirdə çıxış edən BMqT-nin əməkdaşı Könül Kərimova, Cənub Regional Televiziya Şirkətinin departament rəhbəri İsmayıl Cəfərli, psixoloq Könül Manafova və hüquqşünas-ekspert Ehtiram Fəttayev görülmüş işlər barədə danışıblar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına layihə ilə bağlı çap olunan bukletlər və vərəqələr  paylanılıb.