Lənkəran və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib
Bakı, 14 mart,
AZƏRTAC
Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Sütəmurdov kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması barədə məlumat verilib.
Qazaxda da sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri”, “Marketinq” mövzularında treninq keçirilib.
Tədbirdə iştirakçılara “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, ekoloji təmiz üzüm məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları, marketinqin növləri, prinsipləri və istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti, brend məhsullar barədə danışılıb.
Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlərdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.