Karyera Planlama Xidməti
Bakı, 16 mart,
AZƏRTACGənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi Ağcabədi rayonunda “Karyera planlama xidməti”nin ilk təliminə start verib.
GTM-dən
AZƏRTAC-a bildiriblər ki, iki ay davam edəcək təlim kursunda gənclərə şəxsi inkişaf, biznesin iqtisadiyyatı, əmək, kapital, təbii resurslardan səmərəli istifadə kimi ümumi məlumatlar veriləcək.
Təlimin ilk günündə iş müsahibəsinə hazırlıq, özünü təqdimetmə, şəxsi inkişaf kimi interaktiv metodikalardan istifadə edilməklə tədris olunan mövzuların daha yaxşı qavranılması üçün “tətbiq edərək öyrənmək” üsulundan istifadə edilən qrup məşğələləri aparılıb.
Təlimlər regionun aparıcı biznes müəssisələrinin sahibkarları və rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən keçiriləcək.
Gənclərin məşğulluq imkanlarının artırılması məqsədi daşıyan təlimin sonunda iştirakçıların məlumat bazası hazırlanacaq, onlar üçün əmək yarmarkaları təşkil ediləcək.