Ölkə

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı başa çatıb

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17.00-da başa çatıb. Jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni martın 31-də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)

AZƏRTAC

-a bildirilib ki, qabiliyyət imtahanı aprelin 1-dən 3-dək Bakı şəhəri , Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək. İmtahan haqqında ətraflı məlumat “Magistr” jurnalının üçüncü nömrəsində dərc edilib və Komissiyanın internet saytında yerləşdirilib.


Xatırladırıq ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün martın 19-dan 29-dək TQDK-nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölmədə qeydiyyatdan keçiblər. Həmin müddətdə 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimliyi, həmçinin kompyuter mühəndisliyi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da var.


Bakalavrlar qabiliyyət imtahanına gələrkən şəxsiyyətini təsdiqləyən sənədi və “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Bundan əlavə, bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.


Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.


Səhifənin qısa keçidi: 

http://www.tqdk.gov.az/~ToSVb