İstehlakçı hüquqlarının qorunması Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir
Xaçmaz, 5 mart, Elxan Yusifli,
AZƏRTACMartın 5-də Qubada İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, Gənclər Mərkəzində 220-yə yaxın istehlakçının iştirakı ilə keçirilən tədbirdə istehlakçı hüquqlarının qorunmasının Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxışında müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən bu kimi seminar və konfransların əhəmiyyətindən danışıb. Bildirilib ki, 2014-cü ildə və bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 100 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanılıb.
Diqqətə çatdırılıb ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib. Məruzələrdə istehlakçı hüquqları, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlər barədə tədbir ətraflı məlumat verilib.
Bildirilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda 195-2 Telefon Məlumat Mərkəzinə, eləcə də 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və “facebook” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.
Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.