İrəvana niyə getmədik?
Avronest PA-nın katibliyi Azərbaycan nümayəndə heyətinin qurumun Ermənistan paytaxtında keçirilən 4-cü plenar iclasına qatılmasından imtina etməsi barədə açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, mətbuat işçilərinin katibliyə ünvanladığı "Azərbaycan nümayəndə heyəti hansı səbəbdən İrəvanda Avronest PA-nın 4-cü plenar iclasında iştirak etmir" sualına aydın cavab verilməyib.
Katiblik yazılı şəkildə bu sözləri bildirib: "Biz Azərbaycan nümayəndə heyətinin bu iclasda iştirak etməsi, Ermənistan paytaxtına gəlməsi üçün səylərimizi maksimum şəkildə qoyduq, ancaq buna müvəffəq olmadıq. Ümid edirik ki, gələn dəfə biz müvəffəq olacağıq."
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov isə İrəvanda keçirilən plenar iclasda Bakının iştirak etməməsini bir çox səbəblərlə izah edib.
O vurğulayıb ki, İrəvanda keçirilən sessiya zamanı Azərbaycan nümayəndə heyətinin müstəqil və ya Avropa Parlamenti üzvləri ilə birgə irəli sürdüyü düzəlişlərin qəbul edilməsi şansı azdır: "Çünki öz-özlüyündə plenar sessiyanın işğalçılıq siyasəti həyata keçirən və Avropa İttifaqının məqsədlərinə zidd siyasi qərarlar qəbul edən dövlətin paytaxtında keçirilməsi ondan xəbər verir ki, Avronest PA, digər beynəlxalq qurumlar kimi Ermənistanı beynəlxalq sanksiyalardan sığortalamaq məqsədilə bu dövləti öz çətiri altına alıb. Bu isə növbəti dəfə Avronest PA-nın prinsip və məqsədlərini pozan mahiyyətsiz bir qurum olmasından xəbər verir."
MənbəANS PRESS