Hadı Rəcəblinin yeni şok təklifi
Yusif Bakıda dövlət şirkətlərindən birində işləyir və son günlərdə eşitdiyi bir söhbət onu çox sevindirib. "Azərbaycanda da özəl pensiya fondları yaratmaq istəyirlər. Bu, çox yaxşı variantdır. Sosial ödənişləri fonda verirsən və pensiya yaşına çatanda pulun hamısını birdən götürürsən. Bizim Türkiyədə yaşayan bir qohumumuz Almaniyaya əmək miqrantı kimi getmişdi. Orada özəl pensiya fondu ilə müqaviləsi vardı. Pensiyaya çıxanda 80 min marka qədər pul aldı. Həmin pulu gətirib Bursada 4 mənzil aldı", - deyə o, ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
Otuz beş yaşlı Bakı sakinini bu cür düşünməyə Azərbaycan parlamentinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin son günlərdə verdiyi açıqlamalar ümidləndirib. Komitə sədri bildirib ki, artıq bununla bağlı qanun layihəsi və digər sənədlər hazırdır. Komitə sədrinin dediyinə görə, özəl pensiya fondlarına vətəndaşlar istədiyi qədər sosial ödəniş verə bilərlər. İlkin ehtimallara görə, Azərbaycanda üçə yaxın özəl pensiya fondu yaradılması planlaşdırılır.
Amma bu məsələ ekspertlər tərəfindən elə də nikbinliklə qarşılanmır. Uzun müddət Nazirlər Kabinetində şöbə müdiri işləmiş təcrübəli iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikrincə, Azərbaycan hələ ki belə bir islahata hazır deyil.
"Bu məsələ bir neçə il qabaq da qaldırılmışdı və çox doğru oldu ki, həyata keçirilmədi", - deyə iqtisadçı-ekspert ANS PRESS-in əmədaşı ilə söhbətində bildirib.
Oqtay Haqverdiyev əsas problemin Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarının dövlətin əlində olması ilə izah edir: "Belə fondların fəaliyyəti adətən bazar iqtisadiyyatında yerinə yetirilə bilər. Xaricdə belə fondların kreditləşdirmədə və sərmayə yatırımında iştirakına imkan verilir. Ona görə də belə fondların gəlirləri yüksək olur, nəticədə pensiyanı 100 faiz təmin edə bilirlər".
İqtisadçı ekspert bu məsələdə çox haqlıdır. Azərbaycanda fond bazarının yetərincə inkişaf etməməsi, korporativ idarə etmə mədəniyyətinin çox zəif olması, təbii ki, yaradılması nəzərdə tutulan özəl pensiya fondlarının gəlir imkanlarını sıfıra endirəcək. Korporativ idarə etmə mədəniyyətinin geniş yayıldığı ölkələrdə, o cümlədən Yusifin bəhs etdiyi Almaniyada istehsal edilən məhsulların 95 faizi korporasiyaların payına düşür. Geniş inkişaf etmiş səhm bazarı özəl pensiya fondlarının vəsaitləri üçün böyük gəlir imkanı yaradır və əldə edilmiş dividendlərin böyük hissəsi fonda pul yatırmış müştərilərin vəsaitlərinin üzərinə gəlir. Nəticədə, pensiya yaşına çatmış insanlar fonda ödədiklərindən xeyli çox vəsait əldə edirlər.
Təcrübə göstərir ki, özəl pensiya fondları ilə səhm bazarı əkiz qardaşdır. Biri olmayanda, o birisi də ölü doğulur. Korportaiv idarəetmədə Azərbaycandan qat-qat irəlidə olan Rusiyada belə özəl pensiya fondları formalaşa bilmədi. Halbuki, Moskva bu istiqamətdə ilk addımları hələ 1992-ci ildən atıb və özəl pensiya fondlarının sayı 300-ə qədər artıb. Lakin bu illər ərzində həmin fondlar əhalinin arasında rəğbət qazana bilməyib və 2008-ci ildə başlayan iqtisadi böhran Rusiyada özəl pensiya fondlarını tarixə qovuşdurub.
Təbii ki, belə olan şəraitdə minlərlə müştəri aldadılmış vəziyyətə düşüb. Azərbaycan özəl pensiya fondlarının müştərilərinin də eyni aqəbitlə üzləşməyəcəyi istisna deyil. Təsadüfi deyil ki, bu məsələ hələ 2012-ci ildə gündəmə gələndə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov buna qarşı çıxmışdı və şəxsən etibar etdiyi tək ünvanın DSMF olduğunu bildirmişdi.
Məsələ xarici özəl pensiya fondlarının Azərbaycana dəvət edilməsi ilə həll edilə bilər. Amma bu, ölkədən vəsait çıxarılmasından başqa bir variant kimi görünmür. Azərbaycanda işləməyə gələn özəl pensiya fondları pulları qərb səhm fondlarına yatırmaqla məsələni həll edə bilər.
Lakin Oqtay Haqverdiyev bu variantın da Azərbaycan üçün əlverişli olmadığını vurğulayır: "Dövlət Sosial Müdafiə Fondu (DSMF) bizim əmək bazarından normal pul yığa bilmir, ona büdcədən təxminən ildə 1 milyard manata qədər pul ayrılır. DSMF-in özünün yığdığı pul xərclərinin 60 faizini belə ödəmir, özəl pensiya fondu burada nə iş görə bilər? Biz bu prosesə başlamaq istəyiriksə, ilk növbədə bunun hüquqi bazasını yaratmalıyıq. Qanunlar və normativlər yaradılmalıdır ki, fondun vəzifələri və hüquqları müəyyən edilsin. Bu bilinməyəndən sonra hansı adam burada fond açmaq barədə düşünə bilər?"
Mənbə
ANS PRESS