Ölkə

Gürcüstanda ilk dəfə Azərbaycan dilində gürcü radiosu fəaliyyətə başlayıb

Metbuat.az

Tbilisi, 11 mart,

AZƏRTAC

Gürcüstanda ilk dəfə Azərbaycan dilində gürcü radiosu - Azərbaycan-Gürcüstan FM (AGFM) yayıma başlayıb.


Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetrisgaro (FM 101.5), Rustavi, Qardabani və Tbilisidə (FM 100.6) yayımlanan radionun əsas məqsədi Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına kömək göstərmək, onları ölkədə və Azərbaycanda, eləcə də dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin etməkdir.


Radionu unistream.tv internet ünvanından da dinləmək olar.


Radionun direktoru İrakli Bandzeladze

AZƏRTAC

-a müsahibəsində deyib: “Mən bir zamanlar Bakıda işləmişəm. Sonradan Gürcüstana qayıtdım və burada radio verilişləri açdım. Məlumdur ki, bu gün Gürcüstanda bir çox millətlərin nümayəndələri, o cümlədən yüz minlərlə azərbaycanlı yaşayır. Təəssüf ki, onların hamısı ölkədə və dünyada baş verən hadisələr barədə məlumat ala bilmirlər. Layihəyə 6 ay əvvəl başlasaq da efirə çıxmağımız 2 aya yaxındır. Əsas məqsədimiz insanları, xüsusən də azərbaycanlıları bol informasiya ilə təmin etmək, onların tarixini, mədəniyyətini, incəsənətini, xalq yaradıcılığı nümunələrini təbliğ etmək, yaşatmaq və radio vasitəsilə gənc nəslə çatdırmaqdır”.


Direktor bildirib ki, hər gün 24 saat efirdə olan radioda səhər saat 9:00-dan başlayaraq 3 saatdan bir 6 dəfə xəbərlər yayımlanır. Qalan vaxtlarda isə “Sənət arenası”, “Dialoq zamanı”, “Mən vətəndaşam”, “Kənd təsərrüfatı”, “Sağlamlıq”, “Zəng vurun, sizi dinləyirik”, “Biznes bu gün” adlı maarifləndirici, musiqili, əyləncəli verilişlər yayımlanır.


İ.Bandzeladzenin sözlərinə görə, qısa müddətdə radionun dinləyicilərinin sayı xeyli artıb. Bunu redaksiyaya gələn telefon zəngləri, teleqramlar, məktublar da sübut edir.


“Biz xəbər bülletenlərini hazırlayarkən yerli və xarici informasiya saytlarına müraciət edirik. Mənim üçün 7 dildə xəbər yayan

AZƏRTAC

kimi nüfuzlu informasiya agentliyi ilə əməkdaşlıq xüsusilə vacibdir. Azərbaycandakı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əlaqə qurmuşuq. İnanıram ki,

AZƏRTAC

və İTV ilə əməkdaşlığımız həm dinləyici qazanmaqda, həm də xəbər toplamaqda işimizi xeyli asanlaşdıracaq, nüfuzumuzu daha da artıracaq”, - deyə İ.Bandzeladze vurğulayıb.


Radioda xəbərlərin aparıcısı Afayət Əliyeva deyib: “Bu radionun efirə çıxması bizi çox sevindirdi. Bu yaxınlarda eşitdim ki, radioya Azərbaycan dilini bilən aparıcı lazımdır və müsabiqə elan olunub. Müsabiqəyə qoşuldum və indi də burada çalışıram. Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə və dünyada baş verən hadisələr barədə az məlumat alırlar. İstəyirəm Gürcüstanda yaşayan soydaşlarımıza daha çox xəbər çatdırım, bu ölkədə mədəniyyətimizi, tariximizi, incəsənətimizi təbliğ edim”.


Xətayi Əzizov


AZƏRTAC

-ın xüsusi müxbiri


Tbilisi