Gürcüstanda çevriliş ola bilər (VİDEO)
Gürcüstanda siyasi sular durulmur. Hökumətdən qopanların ardınca indi də müxalifət aktivləşib. Hələ martın 21-nə onların planlaşdırdığı mitinqə 5 gün var. Amma Zuqdidi şəhərində iqtidarla müxalifət arasında dəyənəkli toqquşma bir neçə gün sonra baş verəcəklərini yaddaqalan olacağından xəbər verir.
ANS TV-nin bölə müxbirinin verdiyi məlumata görə, Gürcüstanda Zuqdidi şəhərində müxalifətin planlaşdırdığı kütləvi mitinq ərəfəsində hakim “Gürcü arzusu” partiyasının və müxalifəti təmsil edən Vahid Milli Hərəkat Partiyasının tərəfdarları arasında güclü toqquşma baş verib. Gürcüstan mətbuatına görə, bir qrup iqtidaryönümlü etirazçılar əllərində dəyənəklərlə Vahid Milli Hərəkat Partiyasının Zuqdididəki şöbəsinə hücum edib. Binaya daxil olduqdan sonra içəridə olan partiya üzvləri ilə toqquşma yaşanıb.
Yerli şahidlərin dediyinə görə, hakim partiyanın tərəfdarları müxalifət partiyasının liderləri arasında keçirilən iclasa əngəl olmağa çalışıb. İclasda Vahid Milli Hərəkat liderləri hökumətin istefası tələbilə martın 21-ə planlaşdırılan kütləvi mitinq barədə müzakirələr aparmalı idi.
Rəqib partiyanın tərəfdarları qarşıdurmanı küçədə də davam etdirib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Asayışı bərpa etmək üçün araya polis qüvvələri qarışıb. Hakim “Gürcü arzusu” partiyası insidentlə bağlı bəyanat yayaraq, bunun müxalifətin bir təxribatı olduğunu bildirib və polisi Zuqdidəki insidenti araşdırmağa çağırıb.
Ekspert Gela Vaşadzenin sözlərinə görə, bu günkü Gürcüstan hakimiyyəti müxalifətlə birlikdə hazırda ölkədə cərəyan edən ağır iqtisadi böhranla mübarizə aparmaq əvəzində müəyyən səbəblərdən tamam başqa yol tutub: "Mövcud hakimiyyət şüurlu və ya şüursuz şəkildə gərgin ab-havada olan cəmiyyətdə elə bir vəziyyət yaradıb ki, 21 mart mitinqindən sonra ölkədə istənilən çevriliş baş verə bilər”.
Müxalifət ümummilli mitinqi Tiflisdə keçirməyi planlaşdırır. Bu məqsədlə Vahid Milli Hərəkat partiyasının liderləri əyalətlərə gedərək, yerli əhalini paytaxtda keçiriləcək hökümət əleyhinə aksiyaya dəvət edir.
Üç gün öncə isə bu mitinqə çağrışlar edən “Azad zona” İctimai Birliyinin 21 üzvü polis tərəfində saxlanılıb.
ANS TV: Nəriman Hüseynov