Göyçayda 13 min 756 hektar sahədə taxıl səpini aparılıb
Göyçay, 11 mart, Şahnəzər Bəşirov,
AZƏRTACPrezident İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələr Göyçay rayonunda uğurla icra olunur.
AZƏRTAC
xəbər verir ki, cari ilin məhsulu üçün Göyçayda 13 min 756 hektar sahədə taxıl səpini aparılıb. Bunun 6503 hektarını buğda, 7253 hektarını arpa təşkil edir. Bu il rayonda taxıl səpini zamanı əsasən “Şəki-1”, “Qobustan”, “Azəri”, “Nurlu” “Əzəmətli-95” buğda, “Qarabağ” və “Cəlilabad-19” arpa sortlarından istifadə olunub. Səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılıb. Səpin optimal müddətdə həyata keçirildiyi üçün və havanın əlverişli olması səbəbindən sahələrdə normal bitiş alınıb.
Fermerlər qışlamadan çıxan taxıl sahələrindən bol məhsul götürmək üçün erkən yazda əkinlərə aqrotexniki qulluq göstərməyə başlayıblar. Rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri fevral-mart aylarında Qaraməryəm, İnçə, Qarabaqqal, Aşağı Qaraməryəm və Bığır kəndlərindəki taxıl sahələrinə baxış keçirib və bəzi yerlərdə gəmiricilərin işlək yuvaları aşkarlanıb. Operativ olaraq taxıl sahələrində sink-fosfid preparatı ilə dərmanlama işləri görülüb. Gəmiricilərə qarşı mübarizə tədbirləri martın sonunadək başa çatdırılacaq.