Gəncədə 44 min 360 nəfər tibbi müayinədən keçirilib
Gəncə, 10 mart,
AZƏRTACPrezident İlham Əliyevin əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığa əsasən, Gəncədə 6 poliklinika ayrılaraq lazımi tibbi avadanlıqlarla və dərman preparatları ilə təmin olunub. İşin səmərəli təşkilinin nəticəsidir ki, aksiya çərçivəsində indiyədək 44 min 360 nəfər şəhər sakini müayinədən keçirilib.
Şəhər səhiyyə idarəsinin rəis müavini Akif Zərbəliyevin
AZƏRTAC-a verdiyi məlumata görə, tibbi müayinədən keçən sakinlərin 6 min 369-da müxtəlif xəstəliklər aşkar edilib. Onlardan da 5 min 786 nəfərinə ambulator, 536 nəfərinə stasionar müalicə təyin olunub, 47 nəfər isə müalicə üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində dispanserizasiyanın mütəşəkkil aparılması üçün yaradılan işçi qrupunun üzvləri həkim briqadaları ilə birlikdə tez-tez şəhərin qəsəbələrində, müxtəlif yaşayış məntəqələrində, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində olur, tibbi müayinələrin aparılmasına nəzarət edirlər.