Gənc xanımların məşğulluq problemi ilə bağlı təkliflər hazırlanır
Bakı, 12 mart,
AZƏRTAC“Gəncliyin Sosial İnkişafına Yardım” İctimai Birliyi “Gənc Qadınlar Klubu” layihəsinin icrasına başlayır.
İctimai Birlikdən
AZƏRTAC-a bildiriblər ki, Gəncə və Mingəçevir şəhərlərində həyata keçiriləcək layihə ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən dövlət proqramlarına əsaslanır. Məqsəd Gəncə və Mingəçevirdə yaşayan gənc qızların məşğulluğunun və asudə vaxtlarının təşkilinin təmin olunmasından, bunun üçün onların maarifləndirilmə işlərinin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində işsiz gənc xanımlar üçün kiçik sahibkarlıq fəaliyyəti, kompyuter bilgiləri, ictimai iaşə xidmətləri bacarıqları, asudə vaxtın təşkili istiqamətində təlimlər keçiriləcək.
Layihədə iştirak edənlərin kadr kimi yetişdirilməsi və onların məşğulluğunun həllinə kömək məqsədilə hazırlanan təkliflər ümumiləşdirilərək şəhər rəhbərliyinə, bələdiyyəyə və aidiyyəti qurumlara təqdim olunacaq.
Layihənin sonunda qızlar arasında aldıqları bilik və bacarıqlarla bağlı qiymətləndirmə yarışı təşkil olunacaq.