Fövqəladə hallar naziri Hacıqabulda Aran bölgəsinin vətəndaşlarını qəbul edib
Hacıqabul, 16 mart, Mahir Babayev,
AZƏRTACPrezident İlham Əliyevin göstəriş və tövsiyəsinə əsasən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 16-da Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonundan olan vətəndaşları və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.
AZƏRTAC
xəbər verir ki nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olub.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq qurum rəhbərləri tərəfindən qəbul olunub.
Nazir Kəmaləddin Heydərov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılmasını və qaldırılan məsələlərin operativ həlli barədə müvafiq strukturların rəhbərlərinə göstəriş verib.