Fiziki cəhətdən qüsurlu gənclər üçün treninq keçirilib
Bakı, 6 mart,
AZƏRTAC
Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə fiziki cəhətdən qüsurlu gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili barədə məlumatlar verilib.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə də danışılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.