Fevral ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində ölüm halı qeydə alınmayıb
Bakı, 4 mart,
AZƏRTACƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, eyni zamanda, bu istiqamətdə aparılan geniş təbliğat-məlumatlandırma işləri istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının kəskin şəkildə azalması ilə müşahidə olunur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, DƏMX tərəfindən cari ilin fevral ayında istehsalatla əlaqəli 8 bədbəxt hadisə qeydə alınıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 2,6 dəfə azdır.
2014-cü ilin fevralında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 5 nəfər dünyasını dəyişdiyi halda, bu ilin eyni ayında belə hadisələr nəticəsində ölüm halı, ümumiyyətlə, qeydə alınmayıb. Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 2,3 dəfə azalaraq cəmi 8 nəfər təşkil edib.
Həmçinin ötən ilin fevral ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.
İstehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılıb və qanunauyğun tədbirlər görülüb.