"Fənərbaxça" - "Qalatasaray" matçında cadu (FOTO)
"Fənərbaxça" - "Qalatasaray" matçı ilə bağlı maraqlı iddia ortaya atılıb.
ANS PRESS-in məlumatına görə, derbi oyununda bir epizod insanlar arasında fikir ayrılığına səbəb olub.
Belə ki, matçın 11-ci dəqiqəsində "Qalatasaray"lı Umut Buludun ötürməsi sonrası Burak Yılmaz qapıçı ilə üz-üzə qalıb. Futbolçu aşırtma vuruş ilə topu qapıdan keçirməyə çalışıb. İddialara görə, top havada olarkən bir maneəyə dəyərək xəttdən çıxıb.
Ortaya atılan ilk iddiaya görə, top xoreoqrafiya üçün istifadə olunan bir telə dəyib. Ancaq bu iddia mümkün deyil. Çünki xoreoqrafiya ilk yarıda "Qalatasaray"ın qapısı tərəfdə idi. Sonradan isə bir neçə iddia ortaya atılıb.
Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan hadisəyə futbol şərhçiləri də münasibət bildirib. Türkiyənin tanınmış jurnalisti Şansal Büyüka həmin görüntünü təkrar-təkrar izləyib və daha sonra çaşqınlığını gizlətməyib. O, bu hadisənin inanılmaz olduğunu söyləyib.
Digər bir futbol şərhçisi Ahmet Çakar da həmin epizoda münasibət bildirib. O qeyd edib ki, bu cadu ilə əlaqədar bir haldır:
"Bu epizodu bir neçə dəfə izlədim. Bundan sonra o stadionun adı Şükrü Saracoğlu filan deyil, pərili stadiondur. Top rəsmən havada maneəyə dəyir. Heç belə şeylərə inanmıram. Cadu etmədim, falçıya getmədim. Falçını sevmirəm, inanmıram. Amma, bu topun bu şəkildə havada nəyəsə dəyməsini anlaya bilmirəm. Bu epizodda cadu var", - deyə A.Çakar söyləyib.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
ANS PRESS