Erməni əsgərlər nədən qorxur?
Ermənistan ordusunun son günlərdə böyük itki verməsi və erməni əsgəri Andranik Qriqoryanın ölməkdən qorxaraq Azərbaycan tərəfinə keçməsi düşmən orduda böyük qorxu yaradıb.
ANS PRESS-in məlumatına görə, bu qorxunun nəticəsidir ki, bir çoxları səfərbərlik üzrə müddətli əsgərləri ön cəbhədən çəkərək postlara yalnız muzdluları yerləşdirməyi təklif edirlər. Son hadisələr ailələrin övladlarını ordudan qorumaq üçün Ermənistandan kənara çıxarma hallarını gücləndirib. Məsələ hətta Ermənistan parlamentinə də çıxıb və deputatlar hətta səfərbərliyi ləğv edərək peşəkar orduya keçməyi təklif ediblər.
Lakin erməni Karen Vrtanesyan “Sputnik-Armeniya” radiosunun efirində bildirib ki, Ermənistanın peşəkar orduya keçmək imkanı yoxdur. O həm də bildirib ki, Ermənistan ordusu öz quruluşuna görə hibriddir və ön cəbhədə muzdlu əsgərlərlə yanaşı, müddətli əsgərlər də dayanır. Həm də səfərbərliyə gələn əsgərlər daha təcrübəli olan muzdlu əsgərlərdən döyüşməyi öyrənirlər.
Erməni politoloq istər-istəməz son illərdə Ermənistanın üzləşdiyi ciddi bir problemi açıb. Ermənistanda əhali sayı o qədər azalıb ki, qoşunların təmas xəttində yerləşdirməyə əsgər çatmır və buna görə də mülki vətəndaşlara qəpik-quruş maaş verərək muzdlu adı altında ön cəbhəyə yerləşdirilir. Bu muzdlulara verilən maaş çox azdır, təxminən 120 - 130 dollardır və təbii ki, buna görə normal peşəkarın cəlb edilməsi mümkün olmur. Bunun nəticəsidir ki, Ermənistan ordusunun muzdlusu Andranik Qriqoryan 20 nəfərlik bir itkidən sonra ölümdən qorxaraq Azərbaycan tərəfə keçib.
Məsələnin ən maraqlı tərəfi odur ki, Azərbaycan tərəfindən ön cəbhədə yalnız müddətli əsgərlər dayanır. Əgər Azərbaycan xüsusi təyinatlılarını ön cəbhəyə yerləşdirərsə, o zaman Ermənistan ordusunun əsgərlərinin halı necə olar? Yəqin ki bir həmləyə 52 ermənini qətlə yetirmiş Mübariz İbrahimovun qəhrəmanlığı ermənilərin yadından çıxmayıb.
Mənbə
ANS PRESS