“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans işini yekunlaşdırıb
Oğuz, 14 mart,
AZƏRTACDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuz şəhərində ötən gün başlanan “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans martın 14-də işini plenar iclaslarda davam etdirib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə Komitənin təmsilçisi Əliheydər Zülfüqarovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və xarici təsirlər” mövzusunda plenar iclas keçirilib. Din xadimlərinin, dini icma nümayəndələrinin, ziyalıların, fəal gənclərin iştirak etdiyi iclasda “Azərbaycanda dini durum Yaxın Şərqdə gedən proseslər konteksində” və “Zərərli dini cərəyanlar və onların təbliğat metodları: yeniyetmə və gənclərin radikal meyillərdən qorunması” mövzularında məruzələr dinlənilib.
Günün ikinci yarısında keçirilən sonuncu plenar iclas isə “Milli mənəvi dəyərlər və müasir çağırışlar” mövzusuna həsr olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə keçən iclasda iştirakçılara “Milli mənəvi dəyərlərimiz müasir gəncliyin formalaşmasında əsas komponent kimi” və “Azərbaycan gəncləri: sosial mediadan necə istifadə edirik?” mövzularında məruzələr təqdim edilib.
Daha sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Bununla da “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük konfrans işini başa çatdırıb.