Əmr verildi: Bakıda atəş açıldı (VİDEO)
Mart hadisələrindən bu il 20 il ötür. Həmin vaxt Azərbaycanda sonuncu dəfə hakimiyyətin silahla devrilməsi cəhdi tarixə düşüb. Azəraybacanın müasir siyasi sabitliyinin keçdiyi yolda mart hadisələrinin xüsusi yeri var.
1995-ci il martın 17-si, Azərbaycan tarixinin ən qanlı və ağrılı hadisələrindən biri, Xüsusi Təyinatlı Polis dəstəsilə hakimiyyət orqanlarının dövlət uğrunda savaşı bu günə təsadüf edir. Ölkədə hər kəsin Novruza təm-təraqla hazırlaşdığı bir vaxtda Bakıda atəş səsləri eşidilməyə başladı.
Həmin gün qardaş-qardaşa atəş açdı. Adi bir əsgərin təbirilə desək, bu sadəcə əmr idi.
Həmin il martın 13-ü Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinə hücum edilməsi, ölən və yaralananların qeydə alınması barədə xəbər yayılmışdı. Ertəsi gün daxili işlər naziri “OMON”un buraxılması və onun üzvlərinin üç gün ərzində silahı təhvil verməsi barədə əmr imzaladı. Amma bu əmrə elə birinci tabe olmaq istəməyən nazir müavini Rövşən Cavadov idi. Bunadək isə o, Qarabağ savaşında xidmətləri olan döyüşçü idi. Görünür bəzi qüvvələr Rövşənin get-gedə artan nüfuzundan istifadə edərək, onu hakimiyyətə gəlmək üçün təxribata sürüklədilər. Rövşən Cavadov “OMON”un bazasında ANS əməkdaşlarına açıqlama vermişdi:
“Kim Azərbaycanın müstəqilliyini istəyirsə, gəlib bizə qoşulsunlar. Biz hakimiyyətə gələcəyik”.
Bu açıqlamadan qan iyi gəlirdi. Buna heç bir dövlət imkan verə bilməzdi. Həmin vaxt Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dəfələrlə bu mövzuda Rövşən Cavadovla danışığa cəhd etdiyini bildirirdi. Hətta o, bu danışıqlarının müsbət nəticə verəcəyinə inanıdığı bir vaxtda çevrilişə cəhd xəbərini aldığını deyirdi.
“Fərman dedilər, fərman imzaladım. Mənə xəbər verdilər ki, Rövşən Cavadovun qohumlarından hansısa biri gedib onunla danışıb. Bundan sonra komandirin müavini ilə saat yarım danışdım. Belə güman etdim ki, bunlar ona təsir göstəriblər. Məni inandırdılar ki, onlar sabah silahı yerə qoyacaqlar. Ötən günlərə nisbətən bu gecə rahat idim. Gecə saat 3 radələrində isə mənə xəbər verdilər ki, ərazidə atışma başlayıb”, – deyə prezident Heydər Əliyev bildirmişdi.
Cavadovun hakimiyyətə gəlmək, dövlətlə dövlətçilik etmək iddiaları onu da məhv etdi. Onunla birlikdə neçə-neçə azərbaycanlını da. Dövlət özünü qorudu. 1995-ci il 17 mart hadisələri zamanı öldürülənlər Azərbaycanın son silahlı müxalifəti idi.
ANS TV: İlkin Kərimov