Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bayram tədbiri keçirilib
Bakı, 19 mart,
AZƏRTACƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramının xalqımızın əsrlər boyu qoruyub saxladığı bir bayram olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyev Novruz bayramına, onun Azərbaycan xalqı tərəfindən daim yüksək əhval-ruhiyyə ilə keçirilməsinə, ümumiyyətlə milli-mənəvi dəyərlərə xüsusi önəm verirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi dövrünü yaşayan ölkəmizin milli-mənəvi dəyərlər sistemi də inkişaf etdirilməklə dünyaya uğurla təqdim olunur. Nazir ölkəmizdə sosial rifah halının mütəmadi olaraq yüksəlməsinin Novruz bayramının da ilbəil daha fərəhli, nikbin duyğularla keçirilməsinə səbəb olduğunu bildirib.
2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldildiyini qeyd edən nazir ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunduğunu diqqətə çatdırıb.
S.Müslümov əhaliyə sosial təminat sistemindən müasir üsullarla, şəffaf və rahat istifadə imkanlarının yaradılması üçün mütərəqqi dünya təcrübəsi əsasında aparılan islahatlara toxunub, bu istiqamətdə tədbirlərin davam etdiriləcəyinin vurğulayıb. Yalnız son 20 gündə ölkə başcısı tərəfindən ƏƏSMN-nin fəaliyyət sahələri ilə bağlı iki Fərman və bir Sərəncam imzalanıb. Bu sənədlər ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması, ünvanlı yardımların təyinat müddətinin iki ilədək uzadılması, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasını nəzərdə tutur. S.Müslümov nazirliyin bütün kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, nazirliyin əməkdaşlarına xoş arzularını ifadə edib.
S.Müslümov 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən fəxri adlarla təltif olunan qadınlar arasında ƏƏSMN-nin Müharibə və əmək əlilləri pansionatının direktoru Qətibə Əsədovanın da olduğunu bildirib. Nazir bu münasibətlə Q.Əsədovanı nazirliyin kollektivi adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir Qədim Musiqi Alətləri Dövlət Ansamblının müşayiəti ilə respublikanın əməkdar artisti, xanəndə Teyyub Aslanovun və III Respublika muğam müsabiqəsinin qaliblərindən biri olan Zabitə Əliyevanın ifasında konsert proqramı ilə davam edib.