Ölkə

Əmək müqaviləsinin sayı artıb

Metbuat.az

Ölkədə aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizi kişilər, 46,9 faizi qadınlar üzrədir.



ANS PRESS xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün keçirdiyi mətbuat konfransında deyib.



O, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (ƏMEİS) mövcud olan real və etibarlı məlumatların əmək bazarı ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasına imkan verdiyini vurğulayıb: “2015-ci il martın 1-nə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 981 273 əmək müqaviləsi bildirişi daxil edilib. Onların 75,8 faizi əmək müqaviləsinin bağlanması, 14,8 faizi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 9,4 faizi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub.”



Nazir müavini bildirib ki, qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 261 613 ədəddir. Bunun da 93,6 faizi hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayan işçilər üzrədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə isə sistemdə 80 763 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,4 faizini təşkil edir.



Qeyd olunan tarixə 52 653 işəgötürən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün qeydiyyata düşüb. Onların da 42,7 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 57,3 faizi isə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs statuslu işəgötürənlərdir.



İ.İsayev aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizinin və ya 669 338 ədədinin kişilər, 46,9 faizinin və ya 592 275 ədədinin qadınlar üzrə olduğunu söyləyib: “Habelə aktiv əmək müqavilələrinin 13,9%-i və ya 174 946 ədədi 25-29 yaş hədlərində, 13,23%-i və ya 166 946 ədədi 30-34 yaş hədlərində, 12,85%-i və ya 162 103 ədədi 50-54 yaş hədlərində olan şəxslər üzrədir. Bütün bağlanan əmək müqavilələrinin 0,65%-i və ya 8198 ədədi 15-19 yaş hədlərində, 2,18%-i və ya 27559 ədədi isə 65 yaşdan yuxarı olan işçiləri əhatə edir.”



Onun sözlərinə görə, kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6 faizi), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur.



Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir.



ƏMEİS-də bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7 %-i və ya 476001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2 %-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb. Əmək müqaviləsi bağlanılmış ümumi təhsilli şəxslərin 9707 nəfəri ibtidai təhsilli, 131285 nəfəri ümumi orta təhsilli, 329061 nəfəri isə tam orta təhsilli şəxslərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 60,9%-i kişilərin, 39,1%-i qadınların, ali təhsilli şəxslərin 52,2%-i kişilərin, 47,8%-i qadınların, orta ixtisas təhsilli şəxslərin 38,6%-i kişilərin, 61,4%-i qadınların, ilk peşə-ixtisas təhsilli şəxslərin 75,3%- i kişilərin, 24,7%-i qadınların payına düşür”.



İ.İsayev kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5%-nin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun , yəni 29,0%-nin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını nəzərə çatdırıb: “Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır”.



Mənbə
ANS PRESS