Ölkə
Əkin sahələrinin vaxtında suvarılması məqsədilə hazırlıq işləri sürətləndirilib
Samux, 11 mart,
AZƏRTACSamux rayon suvarma sistemləri idarəsinin kollektivi yaz mövsümündə əkin sahələrinin suya olan tələbatının vaxtında ödənilməsi məqsədilə hazırlıq işlərini sürətləndirib. Bu məqsədlə rayon ərazisində mövcud olan əkinə yararlı torpaq sahələrinin qeydiyyatı aparılaraq suvarmaya olan tələbatı dəqiqləşdirilib.
İdarənin rəisi Gülağa Bağırov
AZƏRTAC-a müsahibəsində deyib ki, yaz-tarla işlərinə hazırlıq məqsədilə mövcud 365 nasos və 45 elektrik avadanlığı saz vəziyyətə gətirilib. Torpaqların suvarılmasında intensivliyi təmin etmək məqsədilə kanallarda 440 min kubmetr lildən təmizləmə işləri görülüb. Kanallar kol-kosdan təmizlənib, 2 kilometr boru kəməri təmir edilib. Hazırda subartezian quyularında təmir işləri sürətlə davam etdirilir.