Əhaliyə xüsusi xəbərdarlıq!
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən sürücülərə müraciət edilib.
Qurumun ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.
Onun sözlərinə görə, təcrübə göstərir ki, bayram günlərinin bitməsi ilə əlaqədar paytaxta və regionlara səfər edən sərnişinlərinin sayının artması səbəbindən bəzi sürücülər sərnişindaşıma qaydasını kobud şəkildə pozurlar.
Qurum rəsmisi bununla bağlı avtobus sürücülərinə müraciət edib.
"Onlar 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsilərinin sahibləri 150 manat məbləğində cərimə olunacaqlar”, - deyə Kamran Əliyev bildirib.
Şöbə rəisi həmçinin onu da bildirib ki, bununla bağlı BDYPİ əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir: “Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə də sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!”.
MənbəANS PRESS