Dünyanın aparıcı mütəxəssisləri Bakıda “master klass” keçəcəklər (VİDEO)
Dünyanın onkoloji xəstəliklər üzrə ixtisaslaşmış aparıcı mütəxəssisləri Bakıya toplaşır. Milli Onkologiya Mərkəzi (MOM) və ABŞ-ın məhşur MD Anderson Xərçəng Mərkəzilə birgə paytaxtda beynəlxalq elmi konfrans baş tutacaq. Sabah işinə başlayacaq və iki gün ərzində davam edəcək konfransda dünyanın tanınmış onkoloqları məruzələrlə çıxış edəcək. Həmçinin yerli mütəxəssislərə “master klass” keçəcəklər.
ANS TV-nin məlumatına görə, ilk dəfə baş tutacaq Onkoloji Beynəlxalq Elmi Konfransda - ABŞ, Almaniya, Avstriya, Türkiyə, MDB məkanından, ümumilikdə dünyanın 20-dən çox ölkəsindən nüfüzlu alim, tədqiqatçı, aparıcı mütəxəssis azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşəcəklər. Konfrasda onkologiyanın aktual problemləri müasir diaqnostika, süd vəzi, qalxanabənzər vəzin xərçəngi xəstəlikləri, virus hepatitləri olan xəstələrin reanimasiya şəraitində idarə olunması istiqamətində müasir yanaşma məsələlələri müzakirə ediləcək. Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Əbdürrəhimov bu beynəlxalq tədbirin dünyanın aparıcı onkoloqları ilə kordinasiya yaradılmasına imkan verəcəyini söyləyir.
Azad Əbdürrəhimov bildirdi ki, bu bizim ölkədə xərçənglə mübarizənin artıq Avropa və dünya səviyyəsində qalxmasını göstərir.
Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı MD Anderson Xərçəng Mərkəzi ABŞ-ın üç ən böyük xərçənglə mübarizə mərkəzindən biridir. MOM-la MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacaq. İki mərkəz arasında kadr, elmi təcrübə mübadiləsi aparılacaq. Azərbaycanlı mütəxəssislər ABŞ-a təcrübə keçməyə göndəriləcəklər. Amerikalı onkoloqlar isə artıq MOM-da həkimlərlə birgə müalicə profilaktika proseslərində iştirak edirlər.
“Bu konfransa çox böyük maraq var. Paytaxtın bütün aparıcı klinikaların mütəxəssisləri bu konfransa dəvət olunublar. Ümumlikdə isə burada Azərbaycan səhiyyəsi udacaq”, – deyə Azad Əbdürrəhimov bildirib.
Onkoloji Beynəlxalq Elmi Konfrans iki gün ərzində Bakıda keçiriləcək. Yerli mütəxəssislərimiz, o cümlədən MOM-un direktoru, akademik Cəmil Əliyev də məruzə ilə çıxış edəcək.
ANS TV: İlkin Kərimov