"Dünya uzunqulağın qarşısında aciz qala bilməz" (VİDEO)
Bu həftə dünya cahiliyyə dövrünün daha bir vəhşətini yaşadı. Vəhşiyyətini daha doğrusu. İraqda, Mosulda bir qrup, axmaq və manyak, sarsaq tarixə əl qaldıraraq bizim eradan əvvələ məxsus abidələri dağıtdılar.
Öz aləmlərində guya bütlərə qarşı çıxan bu əbləhlərin guya “İŞİD”də aid olduğu deyilir və “İŞİD”in də guya müsəlmanlardan ibarət olduğu nəçə vaxtdır ki, bəşəriyyətin beyinlərinə sırıdılır. Bilmirəm. Mən bu “İŞİD”di nədi onun böyük bir təxribat qrupu olduğunu anlayıram və sabah təsadüfən məlum olsa ki, bu adamların hamısı müsəlman qiyafəsinə bürünmüş Allahsızlardı qəti təəccüblənmərəm. Məkkədə Kəbəni müqəddəs bir ziyarətgah kimi əsrlərlə qoruyan müsəlmanlar belə bir vəhşiliyə qadir olmazlar. Qurani Kərimi bu gün öpüb gözü üstə qoya-qoya daşıyan insanlar belə vəhşi ola bilməzlər. Bəlkə də islama, müsəlmanlara qarşı aparılan bu “İŞİD” əməliyyatının arxasında hansısa qeyri-islam qüvvələri dayanır.
Assuriya dövrünə əl qaldıran bu əblələr bəlkə də elə düşürürlər ki, Assuriyaya qarşı çıxmaq bugünkü Suriyaya qarşı çıxmaqdır… Bilmirəm. Amma burasını dəqiq bilirəm ki, bu ikiayaqlı canlılar, adam qiyafəsində heyvanlar əslində heç bir dinə, heç bir millətə mənsub quaill deyillər. Ola bilər ki, bu gün dünyada elə dövlətlər var ki, onların uzaq tarixi yoxdur və ona görə də müsəlmanların tarixini bu yolla ləğv edərək özlərinə oxşadırlar. Bəşəriyyət ayağa qalxmalı, öz keçmişini qorumalıdır, öz keçmişimizi qorumalıyıq…
Bəzi böyük dövlətlərin bu gün hər şeyi var, silahı, tərəqqisi, ən müasir texnologiyaları, amma kökü. Keçmişi yoxdur, bax bunun paxıllığını edərək qisas alırlar müsəlman dövlətlərdən, müsəlmanlardan. Mənim belə düşünməyə haqqım var. Yoxsa necə ola bilir ki, Avstraliya bataqlıqlarında su axtaran timsahın quraqlıq dövründə özünü necə hiss etməsini və onun bu zaman orqanizmində baş verən prosesləri xırda detallarınadək kosmosdan müşahidə edən və yeri gələndə bu prosesə müdaxilə də etməyi bacaran dünya bir neçə yüz qara-qura uzun saqqal və ya uzun qulağın qarşısında aciz qalsın. İnanmıram.
Adam inanmır ki, bu ikiayaqlıları ana doğub. Amma axı onlar da hardansa doğulublar, hardansı dünyaya gəliblər, hardansa çıxıblar?! Əziz analar, əziz qadınlar, böyük və mərhəmətli varlıqlar! Böyük yaradanın müəyyən mənada kolleqaları, sizdən xahiş edirik ki, dünyaya gözəlliklər gətirin, eybəcərlər doğmayın xahiş edirik! Gözünüz ayaqlarınızın altına baxsın. Bəlkə cənnət ordan artıq çoxdan başqa yerə köçüb?
HESABAT: Mir Şahin