Dünya Novruzu belə qeyd edir (VİDEO)
Novruz bayramı sadəcə Azərbaycanda qeyd edilmir. Bahar dünya ölkələrinə fərqli vaxtda qədəm qoysa da, müsəlman ölkələrinin əksəriyyəti Novruz bayramını mart ayının ikinci on günlüyündə qeyd edir.
ANS TV-nin məlumatına görə, bahar bayramı Türkiyədə də dövlət səviyyəsində qeyd edilir. İstanbul və Türkiyənin digər bölgələrində Novruz bayramına həsr edilən tədbirlər keçirilib.
Qardaş ölkənin ən maraqlı Novruz şənliklərindən biri İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi bayram proqramı olub. Tədbirin ən maraqlı hissəsi isə ölkənin baş naziri Əhməd Davudoğlunun sənətçilərlə birgə mahnı oxuması olub.
Kosovoda da bahar bayramı keçirilib. Cakoviça şəhərində sufi dərvişləri bayramı özlərinə məxsus şəkildə qeyd ediblər. Dərvişlər öz milli geyimlərində təbil ifasının müşayiəti altında ənənəvi rəqslər edərək, bir sıra ayinlər həyata keçiriblər.
İran diasporası da bayramı coşqu ilə qeyd edib. Böyük Britaniyanın Brayton şəhərində yaşayan iranlı tələbələr britaniyalı dostları ilə birgə Novruzu qarşılayıblar. Tələbələrin süfrəsində, ənənəyə uyğun olaraq, “S” hərfilə başlayan 7 adda nemət düzülüb.
Novruz bayramı bəşəriyyətin ən qədim bayramlarından hesab olunur. Bir neçə il bundan əvvəl UNESCO Novruz bayramını dünya Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edib.
ANS TV: Çinarə Vaqif