Dünən Qusar, bu gün Quba, sabah Xaçmaz
Quba, 23 mart, Elxan Yusifli,
AZƏRTACNaxçıvan Muxtar Respublikası məktəblilərindən ibarət növbəti qrupun “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası davam edir.
AZƏRTAC
xəbər verir ki, məktəblilər martın 23-də Quba rayonunun görməli yerləri ilə tanış olublar.
Məktəblilər ekskursiyaya Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədən başlayıblar. Sonra onlar Cümə məscidinə gəliblər. Onların diqqətinə çatdırılıb ki, nəfis memarlıq üslubunda olan məscid 1802-ci ildə tikilib.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini müşahidə ediblər.
Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edən tur-aksiya iştirakçılarına ermənilərin ötən əsrin əvvəllərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Qubadakı kütləvi məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıblar. Tədqiqatlar zamanı müəyyən olunub ki, məzarlıqda erməni barbarlarının 1918-ci ildə yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının qurbanları əbədiyyətə qovuşub.
Məktəblilərə bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı 2013-cü il sentyabrın 18-də olub.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, habelə o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş. etdirilir. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ötən əsrdə respublikamızın müxtəlif bölgələrində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktları barədə bir neçə dildə məlumat yer alıb.
Naxçıvanlı məktəblilər günün ikinci yarısında Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə baş çəkiblər.
Sonra onlar “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə tanış olublar.
Məktəblilər martın 24-də Xaçmaz rayonunun görməli yerlərinə səyahət edəcəklər.