DST demensiya əleyhinə mübarizəyə həsr edilmiş konfrans keçirir
Bakı, 18 mart,
AZƏRTACDemensiya yaddaşın, təfəkkürün və hərəkətin degenerasiyasının baş verdiyi sindromdur.
AZƏRTACBMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) səhiyyə nazirləri səviyyəsində birinci konfransı keçirilir. Konfrans demensiya ilə mübarizəyə həsr edilib.
Konfrans əhalinin demensiya barədə məlumatlılığını artırmaq və bütün ölkələri milli və dünya səviyyəsində bu xəstəliyə qarşı mübarizə aparmağa çağırmaq məqsədi daşıyır. Bütün bu məsələlər Qlobal fəaliyyət planında əksini tapıb.
Beyinin zədələnməsi ilə nəticələnən müxtəlif xəstəliklər və zədələr demensiyanın inkişafına yol açır. Məsələn, Altsheymer xəstəliyi demensiyanın ən geniş yayılmış formasıdır: xəstəlik hallarının 60-70 faizi bu sindromun payına düşür.
Qeyd edək ki, hazırda dünya üzrə 47,5 milyon adam demensiya sindromundan əziyyət çəkir. Hər il 7,7 milyon adam bu xəstəliyə tutulur. Ekspertlər ehtiyat edirlər ki, kəmağıl adamların sayı 2050-ci ilə qədər üçqat artacaq.